Netanyahu oğlunun toyunu təxirə salır
İsrailin Baş naziri Benyamin Netanyahu kiçik oğlu Avnerin noyabrın sonuna planlaşdırılan toyunu daha sonrakı tarixə keçirmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin “Cap 11” telekanalı məlumat yayıb.
Məlumata görə, bu, təhlükəsizlik təhdidləri, o cümlədən dron hücumu riski ilə bağlıdır.
Avner iki ildir birlikdə olduğu sevgilisi Amit Yardeni ilə evlənməyə hazırlaşır. Toy noyabrın 26-da Netanya ilə Herzliya arasında yerləşən Havat Ronit tədbir kompleksində baş tutmalı idi. Lakin Netanyahu indi qonaqları hədsiz riskə məruz qoymamaq üçün məclisin təxirə salınmasının tərəfdarıdır.
Qeyd olunur ki, Netanyahu uzun məzuniyyətdən sonra bu həftə yeni işə başlayan Knessetin (parlament) iclaslarının təhlükəsizlik səbəbindən başqa otağa köçürülməsi zərurətini də gündəmə gətirib.
Xatırladaq ki, bu yaxınlarda Netanyahunun iqamətgahı dron hücumuna məruz qalıb. PUA onun yataq otağının pəncərəsini qırıb.