Sərxoş kişi ona irad bildirən arvadını döydü
Sərxoş kişi ona irad bildirən arvadını döydü
Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Ələddin Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.
İttihama görə, hadisə 12 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Ələddin Həsənov həmin gün evə sərxoş vəziyyətdə gəlib. Bu zaman onun həyat yoldaşı, zərərçəkmiş Xatirə Həsənova (şərti) ərinə iradını bildirib. Daha sonra onların arasında mübahisə yaranıb. Nəticədə Ələddin əlləri ilə qadının sifət və bədən nahiyələrindən qəsdən vuraraq, ona xəsarətlər yetirib. Məhkəmənin hazırlıq iclasında Ələddin Həsənov ona elan olunmuş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini, arvadının onunla barışdığını göstərib və barəsində olan işin icraatına xitam verilməsini xahiş edib. Xatirə Həsənova da məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı ödədiyini, əri ilə barışdığını, ona qarşı şikayəti, tələbi olmadığını deyib və Ələddinin barəsindəki işin icraatına xitam verilməsini tələb edib.