Tramp geriyə addım atdı
ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinə bir sıra ciddi güzəştlərə gedib. Bu qərar ticarət sazişi üzrə danışıqlar və Çin Sədri Si Cinpinin iştirakı ilə mümkün sammit fonunda münasibətlərin gərginləşməsinin qarşısını almaq məqsədi daşıyıb.
Aztime.az-ın xəbərinə görə, bu barədə “The Washington Post” (WP) nəşri öz mənbələrinə istinadən məlumat verib.
Nəşrin yazdığına görə, Pekinin tələbinə uyğun olaraq, ABŞ nəinki Tayvanın müdafiə naziri Qu Lisyunun (həmçinin Vellinqton Qu kimi də tanınır) 2025-ci ilin iyununda səfərini təxirə salıb, həmçinin Tayvan Administrasiyasının rəhbəri Lay Tsindeni daha əvvəl avqust üçün ABŞ-yə planlaşdırılan qısa ziyarətləri ləğv etməyə inandırıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Tayvan lideri Latın Amerikasına işgüzar səfəri zamanı Nyu-Yorkda və Dallasda dayanaraq fasilə etməyi planlaşdırmışdı. Həmsöhbətlərdən biri qeyd edib ki, Tramp Administrasiyası adanın administrasiyasının rəhbərindən ABŞ-nin iri şəhərlərini ziyarət etməməyi xahiş edib.
“Onlar birmənalı şəkildə yox demədilər, lakin Lay Tsindenin ABŞ ərazisində dayanması ilə bağlı o qədər çox məhdudiyyətlər irəli sürdülər ki, aydın oldu – onlar bunu istəmirlər”, – deyə nəşr mənbədən sitat gətirib.
“The Washington Post”un mənbələrindən birinin bildirdiyinə görə, Pentaqon bu yaxınlarda Tayvana hərbi yardım tədarükünə dair təklifini Ağ Evə təqdim edib, lakin cavab almayıb.
Nəşr qeyd edir ki, tənqidçilər, həmçinin Tramp Administrasiyasının süni intellekt üçün yarımkeçiricilərin Çinə satışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq istiqamətində addımlarından da narahatlıqlarını ifadə ediblər.
Xatırladaq ki, ötən gün Donald Tramp Aberdindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərlə söhbəti zamanı ilin sonuna qədər Si Cinpinlə görüşməyə ümid etdiyini bildirmişdi.
“O (Si Cinpin) görüşmək istəyir və mən də görüşü səbirsizliklə gözləyirəm. Deyərdim ki, bu görüş ilin sonuna qədər baş tutacaq”, – deyə ABŞ prezidenti qeyd edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.