Nazir: “Əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur”
“Peşə təhsilinə marağın artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir”.
Aztime.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayevin “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində deyib.
O bildirib ki, peşə təhsilinin Azərbaycan təhsil sistemində vacib yerlərdən birini tutması əsas məqsədlərdən biridir, lakin bu sahədəki gözləntilər ilə mövcud reallıq arasında fərqlər öz aktuallığını qoruyur:
“Ümumi göstəricilərə əsaslansaq, ölkədə illik təxminən 150 min nəfər orta təhsil səviyyəsini başa vurur. Bu məzunların yalnız təxminən 60 minə yaxını ali təhsilə qəbul olunur. Peşə təhsili alanların sayı isə hazırda 30 min nəfər ətrafındadır. Bu rəqəm cari ilin deyil, əvvəlki illərdə qəbul olunan tələbələri də əhatə edir. Halbuki orta təhsil səviyyəsində olan 100 mindən artıq insan potensial olaraq peşə təhsili almaq imkanı əldə edə bilər. Bu baxımdan, peşə təhsilinin inkişafı həm məşğulluq, həm də iqtisadiyyatın real sektorları üçün vacib resursdur”.
Nazirin sözlərinə görə, peşə təhsili deyəndə təkcə ənənəvi texniki məktəblər deyil, həm də subbakalavr səviyyəsində ali peşə təhsili proqramları da nəzərdə tutulur:
“Bu sahənin inkişaf etdirilməsi üçün ölkədə geniş potensial var. Statistikaya əsasən, əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur. Bir çox insan ixtisasını qeyri-rəsmi şəkildə, ənənəvi üsullarla və ya praktiki təcrübə yolu ilə əldə edib. Bu səbəbdən peşə təhsilinə marağın artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir. Beləliklə, həm gənclər, həm də peşə dəyişmək istəyənlər üçün peşə təhsili real bir seçimə çevrilə bilər”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.