Bakıda TIR sürücüsü həmkarını bıçaqladı
Bakıda TIR sürücüləri arasında dava olub.
Aztime.az Oxu.Az istinadən xəbər veriri ki, hadisə paytaxtın Binəqədi rayonunda “ot bazarı” deyilən yerdə baş verib.
Həmin ərazidə fəaliyyət göstərən MAN markalı yük maşınının sürücüsü Nicat Fətəliyev (soyad şərtidir) sürücü yoldaşı Aydınla həmin maşında qida qəbul edib, spirtli içki qəbul edib. Daha sonra Nicat digər sürücülər Elşən və Talehlə maşının içərisində oturub sürücü yoldaşları Yusiflə görüntülü danışıb. Danışıq zamanı Nicatla Yusif bir-biri ilə söyüşlü zarafat ediblər. Bu zarafatı Yusifin yanında olan sürücü Nemət eşidib və Nicatın onu söydüyünü düşünüb. O, bu məqsədlə Yusifə yaxınlaşıb telefonu əlindən alıb Nicatla dalaşıb. Nicat Nemətə onu söymədiyini desə də, Nemət ona inanmayıb və onu təhqir edərək olduğu yeri soruşub. Nicat isə ona “ot bazarı”nda olduğunu bildirib.
Nemət idarə etdiyi MAN markalı yük maşını ilə həmin əraziyə gəlib, maşından düşən kimi Nicata hücum edərək onu vurub. Nicat zərbənin təsirindən yerə yıxılıb və Nemət Nicata ardıcıl zərbələr endirib. Bu vaxt Nicat üzərində gəzdirdiyi bıçaqla Nemətə bir neçə bıçaq zərbəsi endirib. Ərazidə olan şəxslərin müdaxiləsindən sonra dava sakitləşdirilib və Nemət aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Fətəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Fakta görə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunub.
Məhkəmənin hökmü ilə N. Fətəliyev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəflər arasında barışığı nəzərə alaraq N.Fətəliyevə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və onun cəzasının 2 ili şərti hesab edilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.