İnnovasiyalar sahəsində geridəyik – “KASPİ”nin ŞƏRHİ + FOTO
İnnovasiyalar sahəsində geridəyik – “KASPİ”nin ŞƏRHİ + FOTO
Qanunvericilik, insan kapitalı, sərmayə verən fondlar paralel inkişaf etdikdə, innovasiya ekosistemi formalaşır. Ancaq bundan sonra biz ölkədə irəliləyişin şahidi olacağıq.
2023-cü il üçün innovasiyalar üzrə ölkələrin reytinqində Azərbaycan dünyada 132 ölkə arasında 89-cu yerdə qərarlaşıb. “The World Intellectual Property Organization” (WIPO) təşkilatının hazırladığı reytinqdə ən innovativ ölkələr İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya və Sinqapur seçilib. MDB ölkələri arasında isə ilk beşliyə Rusiya, Ukrayna, Moldova, Ermənistan və Belarus daxil olub. Qazaxıstandan aşağı pillələrdə isə Özbəkistan, Azərbaycan, Qırğızıstan və Tacikistan dayanıb.
Maraqlıdır, ölkədə innovasiyalarla bağlı qanunlar müzakirə edilir, layihələr həyata keçirilir. Bəs nə üçün görülən işlər hesabata təsir etmir? Nə üçün Qlobal İnnovasiya İndeksində belə geridəyik?
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:
“Bu sahə bizim üçün hələ yenidir”
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyir ki, Azərbaycan innovasiyalar sahəsində köklü tarixə sahib deyil. Sıralamada aşağı pillələrdə olmağımızın səbəbi də bu istiqamətdə hələ yeni addımlar atmağımızdır:
“Azərbaycanda innovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb. Bu istiqamətdə qanunvericilik qısa müddətdir inkişaf etdirilir. Üstəlik, ekosistemin inkişafı tək qanunvericiliyə bağlı deyil. Burada önəmli olan insan kapitalının mövcudluğudur. İnsanlarda intellektual sərmayə, baxış olmalıdır ki, ideya formalaşsın və o istiqamətdə innovasiya edə bilsinlər. Biz dövlət olaraq bu zəmini yaratmalıyıq və bu sahədə də işlər görülür”.
“Sərmayə fondları formalaşmalıdır”
Mütəxəssis deyir ki, bu sahənin inkişafı üçün qanunvericilik münbit hal almalı və sərmayə fondları formalaşmalıdır:
“Azərbaycanda fərqli istiqamətlərə yatırım edən fondlar olmalı, o sərmayə ilə müxtəlif istiqamətlərdə innovasiya edə biləcək insan kapitalı formalaşmalıdır. Bu kapital da Azərbaycandan referans alıb beynəlxalq aləmə çıxmalıdır. Qanunvericilik, insan kapitalı, sərmayə verən fondlar paralel inkişaf etdikdə, innovasiya ekosistemi formalaşır. Ancaq bundan sonra biz ölkədə irəliləyişin şahidi olacağıq”.
“Biz bu işə 15 il əvvəldən başlasaydıq…”
E.Abbasov vurğulayır ki, başlanğıc mərhələsinə baxdıqda, Azərbaycanın hazırda olduğu pillə pis deyil:
“Hazırda startap ekosistemi üçün nə lazımdırsa, dövlət tərəfindən o istiqamətdə işlər görülür. Bir çox dövlət qurumu da bu istiqamətdə peşəkarlar yetişdirmək üçün sərmayə qoyur, kurslar, tədris mərkəzləri açılır. Bu sahədə inkişaf mərhələli şəkildə gedir. Biz bu işə 15 il əvvəldən başlasaydıq, gec qalmışıq deyə bilərdik. Amma indi hazırda olduğumuz pillə pis deyil. Azərbaycan sürətli inkişaf edən ölkədir. Biz də bu sahədə qısa müddət ərzində çox uzun yolları qət edə biləcəyik”.
İnnovasiya ekosisteminin aktiv üzvlərindən olan texnobloqer Taryel Ağazadə də təsdiqləyir ki, Azərbaycan bu sahədə yeni olduğu üçün aşağı pillələrdə yer tutmağımız normaldır:
“Ölkədə innovasiya, startap sistemi yeni-yeni addımlamağa başlayıb. Hazırda dövlət qurumları da məhz bu sahədə irimiqyaslı işlər görməyə başlayıblar. Bu proses uzun və mərhələli şəkildə inkişaf etməlidir. İnnovasiya sahəsinə edilən yatırımların, yaxud müzakirə edilən layihələrin nəticəsi dərhal olmaya bilər”.
“Bu sıralama ilə bağlı şübhələrim var”
Texnobloqer bu sıralama ilə razı deyil və şübhə etdiyini vurğulayır:
“Sıralama ilə bağlı bəzi şübhələrim var. Bu siyahı hazırlanarkən onlar yerli qurumla işləyirlər. Məhz startaplarla bağlı statistikanı təşkilata yerli qurum təqdim edir. Mən bu statistikanın düzgün aparılmadığı qənaətindəyəm. Çünki Azərbaycanda startap ekosisteminin xəritəsi ilə tanış olduqda orada bəzi nüansların səhv qeyd edildiyinin şahidi olmuşam. Hətta siyahıda bir neçə il öncə uğursuz olan startaplar da var idi. Yeni startaplar, ekosistem qurucuları, şirkətlər qeyd olunmamışdı. Ona görə də bu statistikadan şübhə edirəm”.
“Əsas fokusumuz neft olub”
Ermənistanın bu sahədə bizi qabaqlamasına gəldikdə isə, mütəxəssis vurğulayır ki, bunun səbəbi qonşu ölkənin bu sistemə bizdən öncə addım atmasıdır:
“Bizim ölkə olaraq əsas fokusumuz neft olub. Texnologiya sahəsində addımlar yeni-yeni atılır. Fokusumuz təbii sərvətlər olduğu üçün biz bu sıralamaya önəm vermirdik. Ermənistan innovasiyalar sahəsində bizdən öndədir. Çünki orada heç bir təbii sərvət və ümumiyyətlə, bunun kimi digər maliyyə mənbələri olmadığı üçün məcbur texnologiyaya üz tutublar. Bu səbəbdən də bu sahədə inkişaf ediblər. Bizim də bu sahədə inkişafımıza yeni qanunlar təsir edəcək. Sıralamada öndə olmağımız üçün startapların sayının artması, uğurlu olması, ən əsası, qlobal bazara satış etməsi çox mühümdür”.