Rusiya qazının dominantlığı sarsıldı: Azərbaycan və Ukrayna arasında tarixi müqavilə
Ukrayna ilk dəfə Azərbaycan qazını Trans-Balkan dəhlizi vasitəsilə idxal edir. Bu barədə Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Sergey Koretski məlumat verib.
“Ukrayna ilk dəfə Azərbaycan qazını Trans-Balkan dəhlizi ilə idxal edir. SOCAR Qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə qaz alışına dair ilk müqavilə imzalanıb”, – deyə o, “Facebook” sosial şəbəkəsində yazıb.
Test xarakterli tədarük marşrut olaraq Bolqarıstan və Rumıniya üzərindən həyata keçiriləcək. “Həcmi az olsa da, bu strateji baxımdan önəmli addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu, eyni zamanda, təchizat mənbələrinin diversifikasiyası üçün daha bir nümunədir”, – deyə Koretski əlavə edib.
Qeyd edək ki, mayın 27-də Ukraynanın Energetika və Kommunal Xidmətlər üzrə Dövlət Tənzimləmə Komissiyası Trans-Balkan dəhlizi vasitəsilə Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldovadan qaz idxalına başlamaq üçün prosedurları təsdiqləyib.
2024-cü il yanvarın 1-dən Rusiyanın qazı Ukrayna ərazisi ilə Avropaya tranzit olunması tamamilə dayandırılıb, çünki Kiyev “Qazprom”la müqaviləni uzatmaqdan imtina edib. Tranzitin dayandırılması Ukraynanın özündə boru kəmərində təzyiqi qorumaq üçün texniki qaza olan tələbatı artırıb. Nəticədə Kiyev yanacağı çox yüksək qiymətə almağa məcbur qalıb. Yanvar ayının sonundan “Naftoqaz” qaz idxalına başlayıb və alış həcmini tədricən artırır. Fevral ayından etibarən Ukraynanın yeraltı qaz anbarlarındakı ehtiyatlar rekord dərəcədə aşağı səviyyədə qalır.
Bütün bunlar Azərbaycanın günbəgün inkişaf edən regional və qlobal rolundan, eləcə də artıq bu sahədə Rusiya bazarının yerini doldurmasından xəbər verir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.