İran “S-400 Triumf” zenit-raket kompleksini sınaqdan keçirib
İran hərbi qüvvələri İsfahan bölgəsində ilk dəfə Rusiyanın “S-400 Triumf” zenit-raket kompleksinin (ZRK) sınaqlarını keçirib.
Aztime.az xəbər verir ki, bu barədə “Army Recognition” nəşri mənbələrə istinadən məlumat yayıb.
Ehtimal edilir ki, iyulun 26-da baş tutan sınaqlarda “S-400” ZRK batareyası, o cümlədən döyüş idarəetmə məntəqəsi, radiolokasiya kompleksi, buraxılış qurğuları və nəqliyyat-yükləmə maşınları iştirak edib.
İddiaya görə, ZRK geniş spektrli hava hədəflərini məhv etmək qabiliyyətinə malik 48N6E3 zenit idarəolunan raketləri ilə təchiz edilib.
İsfahandakı mənbələr radarlarda şüalanmanın artdığını bildirirlər ki, bu da dolayısı ilə hərbi təlimlərin keçirildiyinə işarə edir (bu zaman hədəfləri aşkarlamaq, izləmək və təsnif etmək, həmçinin döyüş əməliyyatlarını simulyasiya etmək üçün radiolokasiya sistemlərindən istifadə olunur).
Regiondakı hərbi analitiklər bunu “S-400” ZRK-nın ilk sınağı adlandırırlar. Lakin, İran Müdafiə Nazirliyi video görüntülər dərc etməyib. Rəsmi təsdiq də olmayıb.
Qeyd edək ki, Rusiya İrana “S-300” hava hücumundan müdafiə sistemlərini 2016-cı ildə tədarük edib. Tehran komplekslərin tədarükü üçün Moskvaya təxminən bir milyard dollar ödəyib. “S-400” ZRK-nın təhvil verilməsi ilə bağlı danışıqlar aparılmayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.