Köç zamanı qarmon ifa edən Familin anası: “Oğlumun arzusu idi” – FOTO/VİDEO
Köç zamanı qarmon ifa edən Familin anası: “Oğlumun arzusu idi” – FOTO/VİDEO
Ötən gün Füzuli şəhərinə daha 30 ailə (104 nəfər) köçüb. Keçmiş məcburi köçkünlər Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıblar. Füzulinin balaca sakini Famil Məmmədli isə yola düşməmişdən öncə qarmonda “Qarabağ” və ya “Anadır arzulara hər zaman Qarabağ” adı ilə tanınan mahnını ifa edib.
“AzVision.az” ifası ilə gündəmə çevrilən Familin anası Züleyxa Məmmədli ilə söhbətləşib. Ana bildirib ki, iki oğul övladı var. Famil yeddinci, ondan balaca qardaşı Ümid isə beşinci sinifdə oxuyur. Hər iki oğlu musiqi ilə məşğul olur.
“Famil dərslərini də yaxşı oxuyur, onda istedad hərtərəflidir. Qəşəng nağara çalır, rəqs edir, şeir deyir. Hamısını özü öyrənib. Səsi də var, amma oxumağa utanır. O, özünü qarmonda daha yaxşı ifadə edə bilir. Dəfələrlə birincilik qazanıb.
Biz Müşfiqabad qəsəbəsində yaşayan zaman Famil Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbində təhsil alıb. Onu qarmona məktəbin direktoru Aygün Hüseynova və müəlliməsi Elyanə Cəfərova yönəldiblər. Oğlum həmin xanımların təşəbbüsü ilə qarmonu seçdi. Mən onun saz alətində çalmasını istəyirdim. Ancaq övladım dedi ki, qarmon ona daha uyğundur. Musiqi duyumu güclüdür. Mənim özümün də səsim var.
Qarmona hədsiz bağlıdır, özü ilə Füzuliyə gətirib. Əlindən çörəyini al, qarmonuna dəymə. Adətən bir mahnını uşaqlar üç-dörd dərsə öyrənir. Famil elə istedadlıdır ki, bir dərsə mahnını təhvil verir. Öz üzərində çalışır, internetdə axtarış aparır, mahnılar öyrənir”.
Ananın sözlərinə görə, oğlanları Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə oxuyacaqlar.
“Mən Füzulidə doğulmuşam. İllərlə çadırlarda köçkün həyatı yaşamışam. Çox əziyyətlər çəkmişəm. Ancaq nə xoşbəxtəm ki, indi balalarımı öz torpağımda böyüdəcəyəm. Onlar köçkünlük görməyəcək. Füzulidəki evimiz iki otaqlıdır, övladlarımı burada böyüdəcəyəm. Uşaqlar da Füzulini çox sevdilər. Gələn kimi ilk işləri məktəbə baxmaq oldu”.
Züleyxa xanım köç zamanı Familin qarmonda “Qarabağ” mahnısını ifa etməsindən də danışıb.
“Bu, Familin arzusu idi. Həmin gün mən yanında deyildim. Bir gün əvvəldən Füzliyə gəlib evləri döşəmişdim ki, uşaqlar çatanda onlara soyuq olmasın. Oğlum həm öz istəyi, həm də Vaqif müəllimin xahişi ilə köçdə həmin manını ifa etmişdi.
Övladımın ən böyük arzusu efirə çıxmaqdır. Zamanı gələndə İncəsənət Universitetinə daxil olmaq istəyir”.