Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI
Son illər paytaxtda avtomobillərin sayının kəskin artması fonunda piyada zolaqlarına daha çox ehtiyac yaranıb. Şəhərin bir çox küçələrində piyada zolaqlarının olmaması, rənglənməməsi və yaxud yenidən çəkilməməsi piyadaların həyatı üçün ciddi təhlükə yaradır. Bəzi küçələrdə təmir işləri aparılsa da, piyada zolaqları bərpa olunmur.
Oxu.Az xəbər verir ki, bu yaxınlarda təmiri başa çatan Mirzəağa Əliyev küçəsində xətlənmə işləri yekunlaşsa da, əvvəl mövcud olan piyada zolağı yenidən çəkilməyib. Bu isə həm piyadaların hərəkətini çətinləşdirir, həm də onların təhlükəsizliyini riskə atır.
Bundan əlavə, yeni xətlənmə işləri aparılan Yusif Səfərov küçəsində velosiped zolağı çəkilsə də, piyada zolağı nəzərə alınmayıb. Nəticədə piyadalar velosiped zolağı ilə hərəkət etməyə məcbur olurlar ki, bu zaman da həm piyadalar, həm velosipedçilər problem yaşayırlar. Çünki velosipedçilərlə piyadaların eyni zolaqdan istifadəsi də təhlükəli vəziyyət yaradır.
Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mirzəağa Əliyev küçəsində görülən işlər hələ yekunlaşmayıb.
“İşlər davam etdirilir. Həmin küçədə yaxın zamanda piyada zolağı təşkil ediləcək”, – deyə məlumatda vurğulanıb.
Yusif Səfərov – Mehdi Mehdizadə küçələrinin kəsişməsində nizamlanan piyada keçidinin təşkil edilməsinə gəlincə isə, AYNA-dan Oxu.Az-a bildirib ki, bunun üçün aidiyyəti qurumların rəyi alınmalıdır.
“Mikromobillik zolaqları şəbəkəsi planına əsasən, paytaxt ərazisində birinci mərhələdə nəzərdə tutulmuş işlər çərçivəsində aidiyyəti qurumlarla razılaşdırmaqla Yusif Səfərov – Mehdi Mehdizadə küçəsinin kəsişməsində yeni velosiped yolu keçidi təşkil edilib. Qeyd edək ki, həmin ərazidə nizamlanan piyada keçidinin təşkil edilməsi üçün aidiyyəti qurumların rəyi alınmalıdır. Gələcəkdə görülən işlər çərçivəsində müsbət rəy veriləcəyi təqdirdə sözügedən ərazidə nizamlanan eynisəviyyəli piyada keçidinin təşkil olunmasına baxıla bilər”, – deyə açıqlamada qeyd olunub.
Piyada zolaqlarının olmaması və ya qaydalara uyğun çəkilməməsi ilə əlaqədar baş verən yol qəzaları ilə bağlı statistika aparılırmı?
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, məhz bu motivdə statistika aparılmır.
“Ümumilikdə qeyd edə bilərəm ki, cari ilin doqquz ayı ərazində respublika ərazisində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində 398 piyadavurma hadisəsi qeydə alınıb, nəticədə 215 nəfər dünyasını dəyişib, 212 nəfər isə xəsarət alıb ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 38.6%-i, ümumi həlak olanların 41.3%-i, ümumi xəsarət alanların isə 23.2%-i deməkdir.
Eyni zamanda, yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə yeddi nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin araşdırılması zamanı müəyyən olunub ki, həmin hadisələrin mütləq əksəriyyəti yeraltı, yerüstü piyada keçidlərinin və yaxud eynisəviyyəli piyada keçidlərinin (“zebra” dediyimiz piyada zolaqları) yaxınlığında baş verir”, – deyə M.Ağayev bildirib.
Əzizə İsmayılova