Mübariz Əkbərov: “Məhkəmələr barədə mənfi imicin formalaşdırılması cəhdlərindən çəkinmək lazımdır”
“Media, jurnalistika çox məsuliyyətli, çətin və şərəfli bir sahə, ictimai rəyin formalaşmasında mühüm bir vasitədir. Açığı desək, mən mediada əksini tapan bütün yazılara tolerant münasibət göstərilməsinin tərəfdarıyam və media mənsublarının fikir müxtəlifliyinə normal baxmaq lazımdır. Əlbəttə, arzuolunandır ki, hər bir sahədə olduğu kimi, jurnalistika ilə də peşəkarlar məşğul olsunlar və ictimai rezonans doğura biləcək bütün hallara obyektiv qiymət verilsin. Bu baxımdan, bəzən məhkəmələr və hakimlərimiz haqqında qeyri-dəqiq və məlumat mənbəyi şübhə doğuran yazıların getməsi təəssüf hissi doğurur”.
Oxu.Az xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov bildirib.
Sədr qeyd edib ki, neqativ halların işıqlandırılmasının və ictimailəşməsinin önəmini inkar etmək olmaz:
“Lakin hər bir halda yanaşma və qiymətləndirmə birtərəfli olmamalı, ölkədə məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən önəmli işlər kölgədə qalmamalıdır. Başqa sözlə desək, məhkəmələr barədə məqsədyönlü mənfi imicin formalaşdırılması cəhdlərindən çəkinmək lazımdır və tənqidlə yanaşı, məhkəmələrdə yer alan müsbət hallar da təşviq edilməlidir.
Məhkəmələrin və ayrı-ayrı hakimlərin stimullaşdırmaya və həvəsləndirilməyə ehtiyacı var. Razılaşın ki, məhkəmələr və hakimlər barədə məqsədyönlü mənfi rəy yaratmaq cəhdləri ümumən cəmiyyətin və yaxud hər hansı bir konkret şəxsin mənafeyinə xidmət edən amil kimi qiymətləndirilə bilməz.
Bundan əlavə, tamamlanmamış məhkəmə mübahisələrinin, eləcə də qanuni qüvvəsini almamış yekun məhkəmə aktlarının sosial şəbəkələr üzərindən ictimai müzakirələrə çıxarılaraq qiymətləndirilməsi məqbul hesab edilə bilməz. Yəni məhkəmə aktı dövlətin adından çıxarıldığından, həmçinin müvafiq prosessual qanunvericilik həmin aktın mübahisələndirilməsinin hüquqi prosedurunu təsbit etdiyindən bu mövzu ətrafında müzakirələrin peşəkar yanaşma nümayiş etdirilərək aparılması daha məqsədəmüvafiqdir”.
M.Əkbərov bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlərin edilməsi yolverilməzdir:
“Qeyd etdiyimiz kimi, biz media nümayəndələri ilə yüksək hörmət və diqqətli münasibətdə olaraq, kommunikasiyaya hər zaman açıq olan məhkəmə kimi paylaşılan hər bir xəbərə peşəkar və həssas yanaşılmasının tərəfdarıyıq. Və tövsiyə edərdik ki, həqiqiliyi və tamlığı müvafiq məhkəmə vasitəsilə müəyyən edildikdən sonra hər hansı bir məlumatın yayılmasına rəvac verilsin”.