NATO-nun mənzil-qərargahında Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycanın NATO yanında nümayəndəliyi tərəfindən Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında rəsmi qəbul və foto-sərgi təşkil olunub.
Aztime.az Report-a istinadən xəbər verir ki, tədbirdə NATO Baş katibinin köməkçiləri, NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, Alyansın Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), eləcə də NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və Silahlı Qüvvələrin Alyansın Hərbi Komitəsi yanında hərbi nümayəndəsi polkovnik Ağaverdi Quliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf yolu, həmçinin NATO ilə tərəfdaşlıq münasibətlərindən danışıb.
Çıxışlar əsnasında Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda və Alyansla əməkdaşlığın inkişaf etdirilməsindəki tarixi xidmətləri barədə qonaqlara məlumat verilib.
Ulu Öndərin uzaqgörən siyasəti və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu fəaliyyətlərin uğurla davam etdirilməsi sayəsində Azərbaycanın regiondakı ən güclü ordulardan birinə malik olduğu, 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun zəfər qazanmasının və ərazi bütövlüyümüzü bərpa etməsinin bunun ən bariz göstəricisi olduğu diqqətə çatdırılıb.
Nümayəndəliyin başçısı çıxışında həmçinin ölkəmizin Alyansla çoxşaxəli tərəfdaşlığı, son olaraq Əfqanıstandakı əməliyyat da daxil olmaqla NATO-nun iştirak etdiyi sülhməramlı əməliyyatlar çərçivəsində fəaliyyətləri və Avropanın enerji təhlükəsizliyinə töhfələri məsələsinə vurğu edib.
NATO tərəfindən əsas natiq qismində Alyansın ali hərbi strukturu, Hərbi Komitənin sədr müavini general-leytenant Lans Landrum çıxış edib. O, Azərbaycanın Alyansın etibarlı və uzun illərdən bəri əməkdaşlıq etdiyi tərəfdaş ölkə olduğunu bildirib.
L.Landrum ölkəmizin həm siyasi dialoq, həm hərbi-praktiki tərəfdaşlıq və hərbi uyarlılığın gücləndirilməsi çərçivəsində NATO ilə münasibətlər baxımından öncül yerdə olduğunu qeyd edib.
General-leytenant müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, ələlxüsus Əfqanıstanda Kabil Beynəlxalq Hava limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini ifadə edib.
Onun çıxışında Azərbaycanla NATO arasında bir sıra istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi üzrə dialoq məsələsində əməkdaşlıq imkanlarına diqqət çəkilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.