Antalyada ötən il və bu il dincələn azərbaycanlıların sayı açıqlanıb – FOTO
Antalyada ötən il və bu il dincələn azərbaycanlıların sayı açıqlanıb – FOTO
“Antalya turistik şəhər olduğundan bura Azərbaycanla yanaşı, bütün dünyadan qonaqlar gəlirlər. Keçən il 70 mindən çox azərbaycanlı turist Antalyaya gəlib. Ümumilikdə il ərzində gələn xarici turistlərin sayı 13 milyondan çox olub”.
Bu fikirləri “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Antalya valisi Ersin Yazıcı deyib.
Valinin sözlərinə görə, bu ilin may ayının 17-nə olan məlumata görə, Antalyada Azərbaycandan 4 000-ə yaxın qonaq olub:
“Antalya dünyanın önəmli turizm məkanlarından biridir. Təxminən 600 min yatağı olan 428 ədəd beşulduzlu hotelli şəhərdən bəhs edirəm. Azərbaycanlı qardaşlarımızın buraya daha çox gəlmələrini gözləyirik”.
Azərbaycanda Antalyanın turizm imkanlarının təbliği məsələsinə gəlincə, vali qeyd edib ki, bu istiqamətdə fəaliyyətlər davamlı həyata keçirilir:
“Bu işləri həm turizm şirkətləri, həm də rəsmi qurumlar vasitəsilə edirik. Təbliğatın nəticəsini də müsbət geri dönüşlə alırıq, gələn turistlərin sayında artım qeydə alınır”.
“Antalyaya turist sayının daha çox olacağı təqdirdə, ehtiyac olarsa, uçuşların sayını artırmaq da olar. Turist gəlişini, adətən, turizm şirkətləri aylar öncədən həll edir. Əgər turist sayı çox olarsa, uçuş sayına təsiri mümkündür”, – Ersin Yazıcı əlavə edib.