Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”
Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”
“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir”.
Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Ağa Şəmil oğlu Abdullayev deyib.
O bildirib ki, bu gün həyatının ən gözəl gününü yaşayır:
“Oğlumla, nəvələrimlə, gəlinimlə öz doğma yurduma qayıdıram. Bu yaşımda hisslərimi sözlə ifadə etməyə də çətinlik çəkirəm. Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır. Biz Füzuliyə yox, anamıza, xəyallarımıza qovuşuruq bu gün. Oranın təmiz havasını alım, daha bu həyatdan başqa bir şey istəmirəm.
Çətin məcburi köçkün həyatı yaşamışıq. Bakıda yataqxanada 31 ilimiz keçib. Şükür ki, qısa müddətdə Füzuli yenidən quruldu, abadlaşdırıldı. Erməni vandallarının izləri təmizlənir yavaş-yavaş torpaqlarımızdan.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova