Ləyaqətə qarşı hərəkət: AŞPA Azərbaycandan nə istəyir? – ŞƏRH
Ləyaqətə qarşı hərəkət: AŞPA Azərbaycandan nə istəyir? – ŞƏRH
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədikdən sonra qurumla Bakı arasında gərginlik ən yüksək zirvəsinə qalxıb.
AŞPA üçün Ermənistanı və erməni lobbisinin maraqlarını müdafiə etmək adi bir haldır. O Ermənistan ki, Azərbaycana qarşı insanlıq və sülh əleyhinə cinayətlərin müəllifidir, terror aktlarının fikir atasıdır.
AŞPA bu faktların üzərindən sükutla keçir və bunu müxtəlif pərdələyici epitetlərlə ört-basdır etməkdə maraqlıdır. Bunlar AŞPA-nın Azərbaycan-Ermənistan münasibətlərinə nisbətdə rutin mövqeyidir.
Lakin Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən və suverenliyini təmin etdikdən sonra AŞPA-nın gülünc iddialardan yapışması həmin örtüyü də qaldırır.
Fikir verək, Azərbaycanla AŞPA arasında qalmaqalın baş verdiyi, Bakının cavab olaraq ümumilikdə Avropa Şurasından çıxmaq planını prioritetləşdirməsindən əvvəl Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan ideya ortaya atır.
Onun Avropa Parlamentində keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı sanksiyanı gündəmə gətirməsi Bakı ilə AŞPA arasındakı qalmaqal zamanına təsadüf edir.
Elementar məntiq belə, dəqiq müəyyən edə bilər ki, hər iki məsələ bir-birilə zəncirvari şəkildə bağlıdır.
Hər halda, AŞPA-nın Qarabağdakı erməni əhalinin regionu öz xoşu ilə tərk etməsini fərqli şəkildə şərh etməsi qurum adına biabırçı vəziyyəti ətraflı təsvir edir.
AŞPA mövqeyini arqumentləşdirməkdən ötrü insan hüquqları vəziyyətini təhrif edir, istintaq altında olan proseslərə müdaxiləyə çalışır. Ən təhlükəlisi budur ki, AŞPA etdiklərini ermənilərin hüquq və mənafeləri naminə diplomatik-siyasi strategiyasının mərkəzinə gətirir.
Amma AŞPA-nın irəli sürdüyü arqumentlər, təbii ki, bəhanədir, onun əsas dərdi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması planlarının alt-üst olması ilə əlaqəlidir.
Bu qədər qərəz nümayiş etdirən AŞPA başqa bir bəhanə gətirir ki, Azərbaycan ona növbədənkənar prezident seçkisini müşahidə etmək dəvəti göndərmir. Qeyd edək ki, Azərbaycanın AŞPA-nı seçkilərə dəvət etmək kimi öhdəliyi yoxdur.
Bundan başqa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkini müşahidə edəcək.
AŞPA “Azərbaycanın yerinə yetirmədiyi öhdəliklər” dedikdə ilk növbədə “LGBT hüquqlarının qorunmasını” nəzərdə tutulur.
Halbuki, Azərbaycan Konstitusiyası ilə bütün vətəndaşların hüquqları qanunla qorunur və burada heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz.
Sadəcə olaraq, AŞPA istəyir ki, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etsin və həmin mövzu cəmiyyətin şüurunda inkişaf etsin.
Bu cür standartlar və mexanizmlər formalaşdırmaq cəhdi olduqca məqsədli xətadır, çünki hər bir cəmiyyət əsrlərlə formalaşan adət və ənənəyə əsasən inkişaf edir. Qanunlar da hazırlanarkən cəmiyyətin psixologiyası və ictimai münasibətlərdəki klassik qəliblər nəzərə alınır. AŞPA isə Azərbaycana yad olan ideologiya və həyat tərzinin təbliğatını qanuni çərçivələrin də fövqünə çıxarmaqda maraqlıdır.
Deməli, AŞPA təsəvvüründəki vəziyyətin hasil olması üçün hüquqi və institusional bazalara əl gəzdirmək niyyətini gizlətmir.
Bu, insan hüquqlarına hörməti təşviq etmək yox, siyasi təzyiq vasitəsidir və bir xalqın ləyaqətinə qarşı hərəkətdir. Azərbaycan dövlət olaraq, təbii ki, cinsi oriyentasiya və gender kimliyinə görə fərqli olan bir qrupun faktiki və hüquqi üstün imtiyazlarının tanınmasına qarşı davranışda haqlıdır.
Aqşin Kərimov