Azərbaycan şahmatının İddiaçılar Turnirində növbəti sınağı: Nicat Abasovu Kanadada nə gözləyir? – ŞƏRH + FOTO
Azərbaycan şahmatının İddiaçılar Turnirində növbəti sınağı: Nicat Abasovu Kanadada nə gözləyir? – ŞƏRH + FOTO
2024-cü il yanvarın 13-ü Azərbaycan idmanı, xüsusilə də şahmatı üçün sevindirici xəbərlə yadda qaldı. Belə ki, milli komandamızın üzvü Nicat Abasovun İddiaçılar Turnirində iştirak edəcəyi təsdiqini tapdı. FİDE-nin açıqladığı 8 nəfərdən ibarət siyahıda onun adının da yer alması şahmat həvəskarlarının ürəyincə oldu.
Əslində isə bu cür sonluq hələ ötən ilin avqustundan gözlənilirdi. Bakıda təşkil edilən Dünya Kubokundan sonra. Sadəcə, məsələnin rəsmiləşməsi qalırdı. Karyerasında ilk dəfə Dünya Kubokunu qazanan Maqnus Karlsenin İddiaçılar Turnirində iştirakdan imtina etməsi bu yarışda 4-cü olan Nicatın “yolunda yaşıl işıq yandırdı”. Maraq üçün qeyd edək ki, 28 yaşlı şahmatçının Dünya Kubokunun finalına yolunu məhz Karlsen kəsmişdi. Bir sözlə, norveçli qrosmeyster Nicatın üzünə bağladığı qapını bu dəfə öz əli ilə açdı.
Bu xəbər hər nə qədər sevindirici olsa da, təəssüf ki, şahmatçımızın İddiaçılar Turniri perspektivi heç də yüksək qiymətləndirilmir. Bir sadə məntiqlə ki, həmyerlimiz reytinqə görə turnirin autsayderidir. Abasov hazırda dünya sıralamasında ilk “100-lük”dən kənardadır. Onun rəqibləri isə aşkar şəkildə öndədirlər. ABŞ təmsilçilərindən Fabiano Karuana 2-ci, Hikaru Nakamura 3-cü, rusiyalı Yan Nepomnyaşi 5-ci, fransalı Əlireza Firuzca 6-cı, Hindistan şahmatçıları Praqanandhaa 13-cü, Santoş Vidit 14-cü, Qukeş isə 25-cidir. Mütəxəssislər şansları dəyərləndirərkən şahmatda sürpriz nəticələrin nadir hallarda qeydə alındığını da önə çəkirlər.
Amma tam bədbinliyə qapılmağın da yeri yoxdur. Çünki məsələnin ikinci, müsbət tərəfi də var. İddialı rəqiblərindən fərqli olaraq Nicat heç bir təzyiq hiss etmədən, rahat oynayacaq. Çünki ondan bu yarışda çempionluq, yəni boyundan yuxarı tullanması gözlənilmir. Hətta böyük əksəriyyətin fikrincə, İddiaçılar Turnirinə düşməsi belə, böyük uğurdur və karyerasında yeni mərhələnin başlanğıcı ola bilər. Az bir qism isə Abasovun Dünya Kubokundakı uğurlu çıxışını göz önünə sərir. Onun heç kimin gözləmədiyi halda güclü rəqiblərini sıradan çıxararaq yarımfinala yüksəlməsini, bu mərhələdə isə Karlsenə yenilməsini yada salır. Şahmatsevərlər Nicatdan, belə desək, növbəti qəhrəmanlıq gözləyirlər.
Hadisələrin hansı trayektoriya üzrə inkişaf edəcəyini görmək üçün çox da gözləmək lazım gəlməyəcək. Belə ki, İddiaçılar Turnirinin iştirakçıları qalibin adına aprelin 3-25-i aralığında Kanadanın Toronto şəhərində aydınlıq gətirəcəklər. Finiş xəttini birinci keçən şəxs Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu Din Lirenlə (Çin) qarşılaşacaq. Rəqibləri kimi, Nicat da bu çətin sınağa səylə hazırlaşır. Azərbaycan Şahmat Federasiyası da bu işdə ona hərtərəfli dəstək göstərir.
Təbii ki, Nicat idman dünyasının diqqət mərkəzində olacaq Torontoya yalnız iştirak naminə yollanmayacaq. Onun açıqlamaları da buna işarədir. Sitat: “Aydındır ki, reytinqdə rəqiblərdən geri qalıram. Amma ümidvaram ki, bunun əksini sübut edəcəyəm. Bu, mənim üçün ömürlük şansdır. Başqa belə imkanın olub-olmayacağından əmin deyiləm. Hər şeyi düzgün etmək istəyirəm. Nə qədər çox xal qazansam, tarixdə qalacaq. Bu yarış məni hədəflərimə yenidən baxmağa vadar etdi. İndi böyük uğurlar qazanacağıma ümid edirəm. Ən çətin rəqib özüməm. Gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm, hər partiyada bərabər mübarizə ola bilər. Yarışda olduqca gənc kollektiv var. Səhv etmirəmsə, yaşa görə beşinciyəm. Məndən cavan üç şahmatçı iştirak edir. Olduqca iddialı şahmatçılar var. Gərgin mübarizə olacaq. Ötən İddiaçılar Turnirində Teymur Rəcəbovun komandasında yer almışdım. Onun “sekundant”ı olduğum üçün bilavasitə yarışla maraqlanırdım. Prosesin gedişatında iştirak etməklə müəyyən təcrübə qazanmışam”.
Qeyd edək ki, bu, Azərbaycan şahmatının İddiaçılar Turnirində sayca 5-ci sınağı olacaq. Debüt 2013-cü ildə İngiltərənin paytaxtı Londonda gerçəkləşib. Teymur Rəcəbov 8 iştirakçı arasında 4 xalla sonuncu olub. Növbəti iki analoji yarışda isə Şəhriyar Məmmədyarov zirvəni fəth etməyə çalışıb. Milli üzvü 2014-cü ildə Rusiyanın Xantı-Mansiysk şəhərində 7 xalla 4-cü yeri tutub. 2018-ci ildə isə tarixi uğurun bir addımlığında dayanıb. Belə ki, Şəhriyar Almaniyanın paytaxtı Berlində 8 iştirakçı arasında 8 xalla 2-ci pillədə qərarlaşıb. Şahmat Tacı uğrunda görüşə isə həmyerlimizi cəmi 1 xal qabaqlayan Fabiano Karuana (ABŞ) vəsiqə qazanıb.
Teymur Rəcəbov 2020-ci ildə Yekaterinburqda keçirilən İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi statusunda qatılmalı idi. Amma məlum pandemiyaya görə Rusiyaya getməkdən imtina etdi və bununla bağlı FİDE-ni məlumatlandırdı. Amma ali şahmat qurumu geri addım atmadı və çətin şərtlər altında olsa da, yarışı təşkil etdi. Teymurun əvəzinə isə Maksim Vaşye-Laqrav (Fransa) dəvət olundu. Maraqlıdır ki, fransalı sonda yarışı 2-ci pillədə başa vurdu. İddiaçılar Turnirində sonuncu cəhdimiz isə 2022-ci ilə təsadüf edib. İspaniya paytaxtı Madridin ev sahibliyi etdiyi yarışda da Teymur Rəcəbov mübarizə aparıb. Milli komandanın üzvü 8 iştirakçı arasında 7,5 xalla 3-cü yeri tutub.
Göründüyü kimi, Azərbaycan şahmatçıları əvvəlki 4 cəhdin heç birində tarixi uğuru gerçəkləşdirə bilməyiblər. Üstəlik, nəzərə alaq ki, həm Teymur Rəcəbov, həm də Şəhriyar Məmmədyarov kifayət qədər zəngin karyeraya malik top-qrosmeyster sayılırlar. Nicat Abasov isə şahmat elitasını ilk dəfə yalnız Bakıda təşkil olunan Dünya Kubokunda təəccübləndirib. Ümid edək ki, Kanadada da onun çıxışı çoxlarını mat qoyacaq.
“Report” İnformasiya Agentliyi