PKK-nın təhlükəli terrorçusu zərərsizləşdirildi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK-nın liderlərindən olan, “Tekin Guyi” ləqəbli, Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən axtarışda olan terrorçu Əbdülhəmid Kaparı zərərsizləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Türkiyənin xüsusi xidmət orqanları cinayətkar təşkilatın sıralarında maddi-texniki təminat və maliyyələşdirməyə cavabdeh olan terrorçu Kaparın uzunmüddətli müşahidədən sonra məhvi üçün əməliyyat təşkil edib.
Kapar PKK-ya 1992-ci ildə qoşulub. Uzun illər İraqda təşkilatın sıralarında “xidmət edib”, 2018-ci ildə Suriyaya köçüb. O, 1992-ci ildə Türkiyənin Şırnak vilayətinin Uludere bölgəsində türk jandarmına qarşı, təhlükəsizlik qüvvələrinin 26 əməkdaşının həyatını itirdiyi, daha ikisinin isə qaçırıldığı hücumun təşkilatçısı olub.
PKK Türkiyəyə qarşı apardığı terror fəaliyyəti ərzində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.