Konqresmenlər Trampa qarşı – Erməni lobbisi sülh prosesini hədəfə alıb
Erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir.
Birləşmiş Ştatların erməni lobbisi növbəti dəfə yemlədikləri konqresmenləri Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq üçün səfərbər edib. İddialara görə, 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Ağ Evin mövqeyinə zidd çıxaraq Qarabağı könüllü tərk edən ermənilərin bölgəyə qayıtmasına dəstək verilməsinə çağırıblar.
Hər iki palatadan olan konqresmenlərin imzaladığı sənəd Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünün nəticələrini heçə endirməyə yönəlib. Görünən odur ki, erməni lobbisini həm Azərbaycan, həm də Ermənistanın Əbu-Dabi danışıqlarından razılıqla ayrılması və bundan sonra tərəflərin vasitəçiyə ehtiyacı olmadığını deməsi narahat edib.
Müraciətə imza atanların adlarına nəzər salaq – Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon. Bu adların hər biri Azərbaycana və Türkiyəyə yaxşı tanışdır. Erməni lobbisinin bütün anti-Azərbaycan təşəbbüs və təbliğat kampaniyalarında öndə gediblər. Əgər Azərbaycan torpaqlarının işğalı illərində Ermənistana dəstək nümayiş etdirirdilərsə, indi fərqli mövqedədirlər. Ermənistan hakimiyyətinin bölgədə sülh təşəbbüslərinə belə qarşıdırlar.
Azərbaycana qarşı antipatiyasını heç vaxt gizlətməyən, ölkəmizi bütün ağlasığmaz günahlarda ittiham etməyi sevən Pallone, gizli deyil ki, erməni lobbisindən maliyyələşir. Pallone ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü kimi tanınır. O, COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ölkəmizə böhtanlar atmağa çalışması ilə yadda qalmışdı. Bu şəxs onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürüdüb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.