Cənubi Koreyanın prezident kompleksinin yaxınlığına zibil və vərəqələrlə dolu hava şarı düşüb
Şimali Koreyadan buraxıldığı ehtimal olunan, prezident və birinci xanımı tənqid edən siyasi vərəqələr və zibillə dolu hava şarı Cənubi Koreya prezidentinin administrasiyasının yerləşdiyi hökumət kompleksinin ərazisinə düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi prezidentin təhlükəsizlik xidmətinə istinadən xəbər yayıb.
“Bu səhər Şimali Koreyanın şarı havada partlayıb və Yongsan rayonundakı hökumət kompleksinin ərazisinə zibil səpələnib”, – deyə xüsusi xidmət orqanlarından bildirilib. Əlavə edilib ki, şarın içindəkilər təhlükəli olmayıb.
Qeyd edək ki, iyulun 24-də zibillə dolu hava şarı prezident kompleksinin ərazisinə düşmüşdü. Lakin prezident və onun həyat yoldaşını birbaşa tənqid edən vərəqələr ilk dəfə şarların gətirdiklərinin içində tapılıb. Vərəqələrdən birində Cənubi Koreyanın birinci xanımı Mariya Antuanetta ilə müqayisə edilir, digərində isə prezident “Yun Sok Yol nüvə dövləti qarşısında rejimin sonu barədə yuxuda sayıqlayır” kimi qeydlər var.