Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi – TƏFƏRRÜAT
Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi – TƏFƏRRÜAT
Bakının Xəzər rayonunda 1997-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Əliyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ay işığı” düşərgəsində yerləşən evdə baş verib.
Abbas qardaşı, 1994-cü il təvəllüdlü Əli ilə aralarında baş vermiş mübahisə zəminində əlində olan stəkanla onun baş nahiyəsindən qəsdən bir dəfə, yumruqla isə bədən nahiyəsindən bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, hadisə vaxtı, gecə saat 3 radələrində anası Bahar ilə yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ay işığı” düşərgəsində yerləşən evdə olan zaman Əli həmin evə gəlib:
“Əli evə daxil olan zaman mənə işə getmədiyimə görə iradını bildirdi. Həmin vaxt çarpayıda uzanmışdım. Qardaşım üzərimdəki adyalı götürərək mənə yumruq atdı. Mən də əsəbiləşərək qardaşımın yumruqla baş və bədən nahiyəsindən bir neçə dəfə qəsdən vurdum. Həmçinin, stəkan ataraq ona xəsarət yetirdim”.
İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, hadisə vaxtı həyat yoldaşı ilə birgə anasının yaşadığı evə gəlib:
“Abbas sərxoş idi, məni söyüb təhqir etdi. Bu vaxt aramızda mübahisə düşdü. Əlində olan stəkanla başımdan qəsdən bir dəfə, yumruqla isə bədən nahiyəmdən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdi”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahədə yerləşən nömrəsiz evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.