Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir – FOTO
Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir – FOTO
Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir.
“Report”un məlumatına görə, görüş Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə baş tutur.
Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev QDİƏT çərçivəsində görüşün üzv dövlətlərin turizm təhsili verən ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsinin asanlaşdırılması baxımından faydalı olduğunu vurğulayıb. F.Nağıyev turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanlarını nəzərə alaraq Azərbaycan gənclərini ixtisas seçərkən turizmyönümlü sahələrə üstünlük vermələrinə çağırıb.
QDİƏT-in baş katibi Lazar Komanesku çıxışında görüşün təşkilat çərçivəsində turizm təhsili üzrə ilk belə hadisə olduğunu qeyd edərək tədbirin təşkil edilməsi və Bakıda baş tutmasının Azərbaycanın QDİƏT-in məqsəd və vəzifələrinin həyata keçirilməsinə verdiyi töhfələrin növbəti sübutu olduğunu bildirib.
L.Komanesku turizm sənayesinin sürətlə inkişaf etdiyi bir dövrdə təhsilin bu sektorun gələcəyinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, tədbir zamanı müzakirə ediləcək mövzuların təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığın artmasına və sektordakı problemlərin həllinə təkan verəcəyinə əminliyini qeyd edib.
Görüş çərçivəsində “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr”, “Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi” mövzularında panel diskussiyalar, həmçinin “Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya” mövzusunda dəyirmi masa keçirilib.
Müzakirələr zamanı əsas əməkdaşlıq sahələrinin və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, əməkdaşlığın təşviqində problemlər və potensial həll yollarının müzakirəsi, məzunların turizm sektorunun tələblərinə hazır olmalarını təmin etmək yolları, sənayedəki trendlərin təhlili və onların təlim proqramlarına daxil edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda dəyirmi masanın təşkili nəzərdə tutulur.