Ötən il Şirvanda 1000-dən çox şəxsi it dişləyib – FOTO
Ötən il Şirvanda 1000-dən çox şəxsi it dişləyib – FOTO
Şirvan şəhərində ötən il 1422 nəfəri it dişləyib. Onlardan 218-i uşaqdır.
Bu barədə “Report”un Aran bürosuna Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bu ilin əvvəlindən də şəhərdə sahibsiz itlərin hücumuna məruz qalanların sayı artıb. Şirvanda 2024-cü ilin yanvarında 44, fevralında isə 36 it dişləməsi faktı qeydə alınıb. İt dişləyən 80 nəfərdən 27-i uşaqdır.
Sakinlərin sözlərinə görə, son illər şəhərdə sahibsiz küçə itlərinin sayı xeyli çoxalıb. Şəhərin küçə və parklarında, yaşayış binalarının qarşısında sürü halında gəzən itlər insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Hətta günün günorta çağında insanlar sahibsiz itlərin hücumuna məruz qalırlar. Axşam saatlarında isə itlərin əlindən küçəyə çıxmaq mümkün olmur.
Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsindən verilən məlumata görə, sahibsiz küçə heyvanlarına qarşı mübarizə aparmaq məqsədi ilə itlər tutularaq şəhərdən kənara çıxarılır. Sığınacaq yerinin yaradılması barədə də planlar var.