Azərbaycanda müəllim və ərinin təhqir etdikləri şagirdlərin həyatı təhlükədədir – İDDİA
Azərbaycanda müəllim və ərinin təhqir etdikləri şagirdlərin həyatı təhlükədədir – İDDİA
Lənkəran rayonunun M.Nəzərov adına Parakənd kənd tam orta məktəbindən şikayət var.
Bu barədə Oxu.Az-a övladları orada təhsil alan valideynlər şikayət ünvanlayıblar.
Onların sözlərinə görə, məktəbin coğrafiya müəllimi Türkan Abbasova və həyat yoldaşı Elşən Abbasov VII sinif şagirdlərini təhqir ediblər:
“Ər və arvad övladlarımızın şərəf və ləyaqətini alçaldaraq, onlara mənəvi işgəncələr veriblər. Eyni zamanda, müxtəlif alçaldıcı hərəkətlər edərək uşaqlarımızın psixologiyasını pozublar. Məsələ barədə məktəbdə valideyn iclası keçirilib.
İclas zamanı T.Abbasova və həyat yoldaşı birgə məktəbə daxil olaraq valideynləri təhdid və təhqir ediblər. Bu hadisəyə şahid olan şagirdlər qorxu, həyəcan keçiriblər. Nəticədə həmin gündən məktəbə getmirlər. Uşaqların həyatı təhlükədədir”.
Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Nəzərov adına Parakənd kənd tam orta məktəbində coğrafiya fənnini tədris edən Türkan Abbasova tərəfindən şagird və valideynlərin şərəf və ləyaqətini alçaltması, onlara mənəvi işgəncələr verməsi iddiaları araşdırmalar zamanı təsdiqini tapmayıb:
“Məktəb rəhbərliyi müəllim ilə valideynlər arasındakı mübahisəli məsələni həll edib. Valideynlərlə əlaqə saxlanılıb, onlarla söhbət aparılıb və nəticədə məktəblilərin dərsə davamiyyətində yaranmış qısamüddətli problem aradan qaldırılıb. Hazırda şagirdlər məktəbdə tədrislərini davam edirlər”.
Qeyd edək ki, Elşən Abbasov məktəbdə müəllim kimi belə çalışmır.
İlhamə Əbülfət