Dünya çempionatı: Mariya Stadnik mübarizəyə başlayır, Maqomedxan Maqomedov final görüşünə çıxacaq
Dünya çempionatı: Mariya Stadnik mübarizəyə başlayır, Maqomedxan Maqomedov final görüşünə çıxacaq
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq.
50 kq çəki dərəcəsində çıxış edən titullu idmançımız Mariya Stadnik təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gələcək.
57 kq-da Jalə Əliyeva 1/16 finalda kolumbiyalı Andrea Qonsaleslə, 65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoyla görüşəcək.
57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. O, Tamara Dollakla (Macarıstan) güləşəcək.
Bu gün, həmçinin, 97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan təmsilçisi finala vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də başa çatacaq.