“Dərmanların keyfiyyəti azaldılır, tərkibinə müdaxilə edilir, dəyərindən dəfələrlə baha satılır” – ŞƏRH + FOTO
“Dərmanların keyfiyyəti azaldılır, tərkibinə müdaxilə edilir, dəyərindən dəfələrlə baha satılır” – ŞƏRH + FOTO
Son zamanlar ölkədə satılan dərmanların keyfiyyəti ilə bağlı şübhələrin artması müzakirə mövzusuna çevrilib. Bunu sosial şəbəkələrdəki paylaşımlarda, xarici ölkələrə səyahət edənlərdən davamlı hansısa dərman məhsullarının alınmasını xahiş edən şəxslərin çoxalmasında görmək olar. Dərmanlarla bağlı narahatlıqlara diqqət etdikdə hansısa dərmanın tapılmamasından deyil, daha çox ölkədə satılan dərmanların keyfiyyətinin aşağı olmasından şikayətləri görmək mümkündür.
Mövzunu Oxu.Az-a şərh edən farmakoloq Aydın Əliyevin fikrincə, dərman vasitələri əsas strateji məhsullar kimi gündəmdə olduğundan onların keyfiyyəti də tez-tez müzakirələr yaradır. Farmakoloq düşünür ki, həqiqətən də, bəzi dərmanların keyfiyyəti ilə bağlı problemlər, onların tərkibinə müdaxilələr var:
“Müxtəlif patologiyalarla bağlı müvafiq dərmanlar istifadə edilir və bunlar xaricdən alınır. Biz dərmanları özümüz istehsal etsək, milyonlarla vəsait xaricə getməz, xaricdən dərman asılılığımız olmaz. İdxaldan asılılığın hökm sürməsi tək ölkədəki monopolistlərin deyil, xaricdəki şirkətlərin, işbazların da xeyrinədir. Dərmanların keyfiyyətinin aşağı salınması, tərkibindəki maddələrin miqdarının dəyişilməsi, dəyərindən dəfələrlə baha satılması kimi problemlər mövcuddur. Belə hallarda bəzən dərmanın faydasını görməyən pasiyentlər həkimlərin üstünə düşürlər. Amma bilin ki, həkim dərmanın diaqnozuna cavabdehdir. Narahatlığa uyğun dərman hansıdırsa, onu yazmalıdır. Amma ölkəyə dərmanı həkim gətirmir, gələn dərmanın tərkibinə hansısa müdaxiləni həkim etmir, keyfiyyətinə həkim baxmır. Bu məsələlərdə maarifləndirməyə və əməli addımlara ehtiyac var.
Azərbaycanda dərman zavodlarının açılmasının vacibliyi dəfələrlə qeyd edilib. İnanıram ki, bu, həyata keçiriləcək. Zavodlarımız olarsa, dərmanın keyfiyyətinə özümüz cavabdeh olacağıq. Yerli məhsullardan istifadə genişlənəcək, daha bir qeyri-neft sektoru sahəsi inkişaf edəcək, yerli mütəxəssislər işlə təmin olunacaqlar və hətta zamanla daha yaxşı mütəxəssislərin yetişdirilməsi üçün addımlar atılacaq. Göründüyü kimi, bu sahədə silsilə problemlərin həlli üçün Azərbaycanda böyük dərman zavodlarının açılmasına ciddi ehtiyac var”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında ümumi dəyəri 192 milyon 063 min dollar olan 8 min 666 ton əczaçılıq məhsulu idxal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğcə 18%, miqdar baxımından isə 16% artıqdır.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, “Dərman vasitələri haqqında” Qanunun 9.4-cü bəndinə əsasən, Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.
Aysel Aslan