Strateji müstəviyə qaldırılan Çin Azərbaycan munasibətləri
Tarix boyu fərqli coğrafiyalardan keçən yollar müxtəlif xalqlar arasında münasibətlər yaratmış, bu münasibətlər sonradan strateji tərəfdaşlığa belə çevrilib. Dünya tarixinə iz salan belə yollardan biri də “Böyük İpək Yolu”dur.
Aztime.az xəbər verir ki, bunu “Report”a Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.
“Təsadüfi deyil ki, bu yol hazırda bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilir. Coğrafi baxımdan bu qədim yolun üzərində yerləşən Azərbaycan da tarixən “İpək Yolu”nun bir parçası olub. Yəni Azərbaycanla Çini hələ min illər əvvəl bu qədim yol birləşdirib. Tarixi “İpək Yolu”ndan başlanan münasibətlər ötən 34 il ərzində – Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edib”, – deyə deputat vurğulayıb.
Deputat bildirib ki, Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olan Azərbaycan bu ölkə ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir: “Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər”.
“Ümumiyyətlə, son illərdə iki ölkə arasındakı əlaqələr strateji müstəviyə qaldırılıb. Belə ki, 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. 18 iyul 2024-cü il tarixində isə Azərbaycan Respublikası müşahidəçi ölkə statusu almaq üçün ŞƏT-ə müraciət edib”, – S.Salmanova bəyan edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.