Bu il Füzulinin Dövlətyarlı, Pirəhmədli və Dədəli kəndlərində quruculuq işlərinə başlanacaq. 2026-cı ilə qədər isə rayonun 10 kəndinin bərpası nəzərdə tutulur. 38 binalıq ilk yaşayış məhəlləsinin 18 binası isə bu ilin sentyabrında təhvil veriləcək.
87,5 km olacaq yol-küçə şəbəkəsinin artıq 18 km-də layihələndirmə işləri başa çatıb, qalan hissəsinin isə bu ayın sonuna kimi inşasına başlanacaq. Qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın və peşə liseyinin tikintisinə də başlanacaq.
Həmçinin baş plan çərçivəsində şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq. Qələbə parkı, Füzuli Meydanı, Memorial parkın yaradılması və yaşıl zolaqlar vasitəsilə bu ərazilərin bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Bütün bu işlər minalı ərazilərin sürətlə təmizlənməsi nəticəsində baş verir. Belə ki, artıq bu ilin birinci rübündə 622 hektar ərazi minalardan təmizlənib.