Başqalarının həyatı maraqlıdırsa, deməli…
Başqalarının həyatı maraqlıdırsa, deməli…
Qan Turalı yazır…
2006-cı ildə Almaniyada istehsal olunmuş “Başqalarının həyatı” adlı bir film var. Ancaq söhbət bu filmdən yox, onun adından gedir. Bu gün başqalarının həyatı insanlar üçün əvvəl heç bir zaman olmadığı qədər maraqlıdır.
Sosial medianın yüksəlişi ilə başqalarının həyatı üzərindəki pərdələr götürüldü. Artıq “Instagram”, “TikTok” kimi şəbəkələrin köməyi ilə az qala hamının həyatını izləyə bilirik. Bir məqamı qarışdırmayaq, qeybət, başqaları haqqında danışmaq bəşər tarixi qədər qədimdir. Hətta bəzi alimlər və filosoflar qeybəti insan nitqinin yaradan əsas faktor belə hesab edirlər. Ancaq müasir dünyada sözlə ifadə olunan qeybət üçün çoxlu sayda video, foto xammalı mövcuddur. Bu tarixin heç bir dövründə olmamışdı.
Əvvəllər necə idi? Bir aktrisanı ancaq filmlərdə, ya da teatr tamaşalarında görürdük. O bizim üçün az qala əlçatmaz idi. İndi isə o aktrisanın evinin görünüşü, saçını harada düzəltdirdiyi, haraya tətilə getdiyi, geyimləri haradan alıb yeməyi harada yediyi kimi minlərlə informasiya bizim üçün açıqdır. Bu ibtidai icma quruluşunda yaşayan ilk qeybətçi xalalar üçün göydəndüşmə bir fürsət olardı.
Məşhur lətifədəki sualı qoyaq: “İndi bu elmi ateizm bizim heyvanlara xeyirdir yoxsa ziyan?” Bəli, şəxsi həyata bağlı materialların bu qədər böyük miqyasda ifşa edilməsi bizim üçün xeyirdir, yoxsa ziyan?
Hərçənd, sosial mediada sırf qeybətlə məşğul olan insanlar üçün bu qədər çox qeybət materialı faydalıdır. Misal üçün, bu yaxınlarda bir sosial şəbəkə istifadəçisi münasibətləri pisləşən iki məşhurun bir-birini izləmədən çıxartması haqqında qeyd paylaşmışdı. Görün, bu insan öz işinə necə məsuliyyətlə yanaşır. Hər iki məşhurun profilinə girib onların bir-birini izləmədiyini öyrənir.
Bəs məşhurlar üçün necədir? Bu ziddiyyətli bir məsələdir, çünki bir tərəfdən öz həyatlarının hər bir anını paylaşmaqla məşhurluqları artır. İndiki dövrdə “Instagram” izləyicisi az qala rejissorlar üçün əsas meyara çevrilib. Kimin “Instagram”ında izləyici çoxdursa deməli o görkəmli sənətkardır. Kinoteatra daha çox tamaşaçı cəlb edə bilər. Hərçənd, praktikada tamamilə əks nəticələr də qeydə alınır.
Digər tərəfdən isə, məşhurlar tərəfindən öz həyatlarının açıq şəkildə nümayişi neqativ, bəzən isə nifrətamiz şərhlərə də tuş gəlir. Bəs bu şərhləri yazanlar kimlərdir? Əlbəttə ki, elə bizim xalqın nümayəndələri… Söhbət hansısa tənqiddən getmir, birbaşa şəkildə təhqirdən, qarğışdan, nifrindən gedir. Bu şərhləri yazanlar bu şərhlərin canı, qanı, ruhu, heysiyyəti olan insanlar tərəfindən oxunduğunu düşünmürlər. (Ya da düşünürlər, qəsdən belə edirlər)
Sosial media çılğınlığının ortaya çıxdığı dövrdən yaranana bu tendensiya tam sürətlə davam edir. Və hər gün yeni şeylərə təəccüblənirik. Son aylarda bizi təəccübləndirən əsas şeylər “TikTok”da baş verir. “Facebook” və “Instagram”da məskunlaşan əhali üçün bu şəbəkədə baş verənlər tamamilə ağlasığmazdır. Sonrası necə olacaq? Bu sual düşündürücü və eyni zamanda da qorxulu bir sualdır. “Onlyfans” təcrübəsi qarşımızda dayanmaqdadır.
Başqalarının həyatı isə hər zaman insanlar üçün maraqlı olub. Təəssüf ki, başqalarının həyatına ayrılan zamanı öz həyatımızı gözəlləşdirmək üçün ayırmadıqca daim bədbəxt və kefsiz olacağıq. Müasir insanlarda da ən çox çatışmazlıq budur. Saatlarla başqalarının həyatını izləyən, onu müzakirə edib bəzən isə nifrin yağdıran insanlar öz həyatlarını tamamilə unudublar. Xoşbəxtliyin formulu isə insanın özü haqqında düşünüb əməli fəaliyyətə keçməsidir.