Bayden HƏMAS liderinin öldürülməsinə görə Netanyahunu təbrik etdi
ABŞ Prezidenti Co Bayden İsrail Müdafiə Ordusunun (SAXAL) Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın məhv edilməsi əməliyyatını uğurla həyata keçirməsini yüksək qiymətləndirib.
Oxu.Az-ın İsrail baş nazirinin ofisinin məlumatına istinadla verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bildirib.
Məlumata görə, onlar, həmçinin radikalların Qəzza zolağında saxladığı girovların azad edilməsi prosesinin sürətləndirilməsi imkanını müzakirə ediblər. Netanyahu və Bayden bu məqsədə çatmaq üçün birlikdə işləməyə razılaşıblar və terrorizmə qarşı mübarizədə, həmçinin dinc sakinlərin müdafiəsində birgə səylərin vacibliyini vurğulayıblar.
Xatırladaq ki, SAXAL-ın mətbuat xidməti Yəhya Sinvar oktyabrın 16-da İsrail hərbçilərinin Qəzza zolağının cənubunda keçirdiyi əməliyyat zamanı məhv edildiyini bildirib.