Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib – FOTO
Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib – FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb. Tərəflər Azərbaycan-Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri, sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.
İclasda iqtisadiyyat naziri, komissiyanın Azərbaycan tərəfdən həmsədri Mikayıl Cabbarov, Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko, hər iki ölkədən aidiyyəti dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin, o cümlədən Tatarıstanla bir çox sahələrdə möhkəm dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Vurğulanıb ki, iqtisadi-ticarət sahəsində əməkdaşlığımız ikitərəfli tərəfdaşlıqda mühüm rol oynayır. Ticarət dövriyyəsinin artırılması üçün hər iki tərəfdə böyük potensial mövcuddur. Tərəfdaşlığın digər perspektivli sahəsi sənaye zonaları üzrə əməkdaşlıq, birgə istehsalın təşkilidir. Bundan başqa, incəsənət, təhsil sahələrində, o cümlədən, tələbə mübadiləsi istiqamətində perspektivlər böyükdür. Qeyd edilib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri “ağıllı” şəhər və kəndlər konsepsiyası əsasında aparılır. Bütün layihələr ən müasir texnologiya və standartlar əsasında həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan “yaşıl enerji” zonası elan edilib və bu ərazilərdə alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir.
İclasda ikitərəfli əməkdaşlığın prioritetləri, ticarət, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, turizm, tikinti, sənaye, innovasiyalar, KOB və humanitar sahələrdə əlaqələrin perspektivləri dəyərləndirilib, Tatarıstan şirkətləri ölkəmizin əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub. Tədbirdə təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına dair təqdimatlar olub.
İclas çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən 4-cü iclasın yekunlarına dair Protokol imzalanıb.
Ölkəmizdə səfərdə olan Tatarıstan nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına (Ələt AİZ) səfər edib, AİZ-də aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar. Səfər çərçivəsində Tatarıstan nümayəndə heyətinin İqtisadi Zonaların İnkişafı Agentliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da işgüzar görüşləri, həmçinin “Bakı KOB evi”nə səfəri nəzərdə tutulub.