Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalında həbs edildi
Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalında həbs edildi
Abşeron Rayon Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Qafar Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Qafar Qafarov üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından dərhal həbs olunub.
İttihama görə, Qafar Qafarov MMC-lərdən birində ekspeditor vəzifəsində işləyib. O, çalışdığı müddət ərzində vəzifəli şəxs kimi informasiya resurslarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunan xeyli miqdarda özgə əmlakını mənimsəmə və israfetmə yolu ilə talayıb.
Belə ki, o, 8 aprel 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək olan müddət ərzində MMC-nin mülkiyyətində olan malları öz qulluq mövqeyindən istifadə edərək Bakı şəhəri və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən daimi müştərilərə satıb. Qafar Qafarov bu yolla şirkətin 28 297,21 manat dəyərində xeyli miqdarda özgə əmlakını mənimsəyib.