“Qrantyeyənlər”, görəsən, indi nə deyəcəklər?
“Qrantyeyənlər”, görəsən, indi nə deyəcəklər?
Kubra Məhərrəmova yazır…
Mənim üçün qızıl qaydalar, toxunulmaz dəyərlər və qırmızı xətlər var. Bu, Azərbaycan dövlətinin maraqları, onun ərazi bütövlüyü, suverenliyidir. Bunlar heç bir halda mənim üçün müzakirə və mübahisə predmeti ola bilməz, iki dünya bir olsa belə!
İlk növbədə ona görə ki, ərazi bütövlüyümüz uğrunda bu 30 il ərzində minlərlə şəhid vermişik. Bu qədər mücadilə, mübarizə və müharibədən sonra bu mövzular masada ola bilməz!
Onu da qeyd etmək yerinə düşər ki, nə mən, nə də ağlı başında olan kimsə hər yerdə güllük-gülüstanlıq olduğunu iddia edir. Amma ağrıyan başı sağlam başa da vurmaq ən azı axmaqlıdır!
Sözümün canı odur ki, bir neçə saat bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən bildirdi ki, artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Bunu da mütləq qeyd edim ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilməsi barədə hakimiyyət dəfələrlə açıqlama vermişdi.
“Qrantyeyənlər” də ağız-ağıza verib elə hey deyinirdilər ki, “ay camaat, hökumət sizi aldadır! Xankəndidə niyə Azərbaycanın bayrağı dalğalanmır? Niyə Şuşaya gedənlər, aşağı, Xankəndiyə düşə bilmirlər?” və s.
Bir neçə gündür Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan qeyri-rəsmi məlumatlar nəhayət bu gün öz təsdiqini tapdı.
Məntiqi olanlar anladılar ki, nə Azərbaycan dövləti, nə hökuməti, nə də ölkə başçısı dediyi sözlərdən və verdiyi vədlərdən bir millimetr belə olsa da kənara çəkilməyib. Nə deyilibsə, nə vəd verilibsə hər biri son sətirinə, son nöqtəsinə qədər yerinə yetirilib.
Bəs hazırda özünü “xalq fədakarı”, “xalqın dərdini çəkən” kimi qələmə verənlər nə edirlər?
Hərəsi də bir status yazır. Məsələn: Rusiyanın əsgərləri heç yerə getməyiblər, sadəcə Kəlbəcərdəki monastırı tərk ediblər.
Bir başqası yazır ki, “yox, Rusiyanın hərbi kontingenti ona görə Azərbaycan ərazisindən çıxır ki, Ukraynaya hücum üçün əlavə hərbi qüvvə lazımdır”.
Bir digəri də yazır ki, “Rusiya hərbi kontingentini ona görə Azərbaycan ərazisindən çıxarır ki, Azərbaycanla daha yumşaq münasibətlər yaratsın”.
Və bu qəbildən bir xeyli “demokrat” fikirlər tirajlanır…
Adam “qrant yeyər, amma belə şərəfsiz olmaz! Bu müxaliflik deyil, bu, şərəfsizlikdir!
Çünki sən hökumətin yeritdiyi, apardığı siyasətlə razı olmaya bilərsən, amma şəhid övladının haqqına necə girə bilərsən axı?!
Canının yarısını Vətən uğrunda qoyan qazinin haqqına necə girə bilərsən?
O uşaqlar, o meydanlarda can qoyanda “demokratlar” isti divanlarında status yazırdı axı! Okeanın o başından barmaq silkələyirdi axı!
30 ildən sonra Azərbaycan dövləti, ordusu, xalqı ərazi bütövlüyünü bərpa edəndən sonra görünən odur ki, “demokratlar”ın kürkünə birə düşüb.
Və anlayırlar ki, müəyyən bir kütləni manipulyasiya etmək üçün artıq təsir rıçaqları yox olur. Qarabağ problemi həll olundu, Xankəndidə Azərbaycanın bayrağı qaldırıldı, hələ üstəlik prezident seçkiləri də keçirildi.
Və məntiqi sonluq, Rusiyanın hərbi kontingenti də öz evlərinə yola düşdülər.
Yazıqlar, bundan sonra nəyin ucundan tutub ucuzluğa getsinlər ki? Qiymətləri də bir xeyli ucuzlaşdı. Aldığı qonorar və qrantları deyirəm. Təsir mexanizmi də öldü.
Nə olardı, biri də yazardı ki, 30 illik mübarizə və müharibədən sonra biz xalq olaraq nəhayət ki, istəyimizə nail olduq.
Demək ki, bu bir daha sübut edir ki, bu kəslər bizdən, xalqdan deyil! Sadəcə öz maraqları üçün özlərini xalqa “millət dərdi çəkən” kimi qələmə verirlər.