Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı – ŞƏRH
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı – ŞƏRH
Rusiyanın Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin regiondan çıxarılması prosesinə başlanılıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayılan məlumatları təsdiqləyib.
Sülhməramlıların regionu 2024-cü ilin sentyabrına qədər tam tərk edəcəkləri gözlənilir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə AZƏRTAC-a açıqlamasında deyib ki, sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə Azərbaycan və Rusiyanın ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
Bu açıqlama göstərir ki, Azərbaycanla Rusiya münasibətlərini daha da irəliyə aparmaq, iqtisadi-ticari əlaqələri genişləndirmək üçün açıq qalan mövzuların həllini vacib sayıblar.
Halbuki, bəzi ekspert və dairələr düşünürdülər ki, 2020-ci il 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanata əsasən, regiona yerləşdirilmiş sülhməramlı qoşunlar (2025-ci il noyabrın 10-da çıxarılması nəzərdə tutulurdu) daimi əsaslarla xidmət aparacaqlar.
Ancaq bu düşüncələr olduqca səhv və diletant idi, çünki sülhməramlı kontingent heç bir halda gizli bir statusla Qarabağa yerləşdirilməmişdi.
Sülhməramlı missiya Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin səyi və təkidləri ilə regionda sülhyaratmanın bir mexanizmi kimi fəaliyyət göstərdi.
Düzdür, keçən müddət ərzində sülhməramlıların fəaliyyəti mediada, ictimai sferada və rəsmi mövqelərdə kəskin tənqidə məruz qaldı, amma nəticədə kontingent sülh mexanizminin bir detalı oldu.
Azərbaycan dövlət olaraq elə bir mexanizm qurdu ki, zaman keçdikcə sülhməramlıların əməliyyat modeli daraldı.
Bu, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə özünün pik nöqtəsinə çatdı. Beləliklə, Azərbaycan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində öz suverenliyini bərpa etdikdən sonra Rusiya sülhməramlılarının regionda xidməti üçün səbəb qalmadı.
Çünki regionda separatizm məhvə məhkum oldu, üstəlik, ermənilər öz istəyi ilə Qarabağı tərk edib getdilər. Beləliklə, sülhməramlıların əməliyyat şəraiti əhəmiyyətli şəkildə dar bir nöqtəyə sıxıldı.
Bundan sonra Azərbaycanla Rusiya arasında sülhməramlıların mandatına dair danışıqların getdiyini duymaq çətin deyildi.
Amma ortada açıq qalan məsələlər var idi, böyük ehtimalla Kreml sülhməramlıların qalıcılığını təmin etmək üçün alternativ variantlar düşünürdü. Nəhayətdə isə adi bir texniki nəticə var: Sülhməramlıların xidməti fəaliyyəti üçün əsas qalmayıb.
Qlobal güc mərkəzlərinin mübarizəsi fonunda isə Azərbaycanın Rusiya qoşunlarının çıxarılmasına nail olması böyük hadisədir.
Deməli, Azərbaycan Rusiya-Ukrayna müharibəsi ilə Qərblə Moskva arasında kəskinləşən mübarizənin regional təsirlərini zərgər dəqiqliyi ilə ölçdü.
Azərbaycan ərazi bütövlüyü və suverenliyi prinsiplərinin müdafiəsini əsas tutdu, bununla belə, güc mərkəzləri arasındakı mübarizə platformasında diqqətli balansı saxladı.
Şübhəsiz ki, sülhməramlıların regiondan getməsi Azərbaycanın postmüharibə dövründə yeni reallıqlar yarada bilmək qabiliyyətini gücləndirəcək.
Aqşin Kərimov