Zaqatalada 18 yaşlı gəncin partlayışdan ölməsi ilə bağlı cinayət işi açıldı – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Zaqatalada 18 yaşlı gəncin partlayışdan ölməsi ilə bağlı cinayət işi açıldı – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, martın 16-da, saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.
İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkar etdiyi partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
16:46
Zaqatalada 18 yaşlı gəncin qumbara partlaması nəticəsində ölməsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Pərzivan kəndi ərazisində baş verib.
Belə ki, Məhəmməd Ömərov tanışları ilə ərazidə gəzirlərmiş. Bu zaman o, yerdən partlayıcı maddəni tapıb və ehtiyatsız davranıb.
Nəticədə gənc baş nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya aparılsa da, yolda vəfat edib.
15:46
Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib.
Hadisə nəticəsində xəsarətləri alan gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət