Üç gündür buzlu qalan yollar: “Eləsi var ki, deyir, gəl, həyətimi də təmizlə” – AÇIQLAMA + FOTO/VİDEO
Üç gündür buzlu qalan yollar: “Eləsi var ki, deyir, gəl, həyətimi də təmizlə” – AÇIQLAMA + FOTO/VİDEO
Bakıda qar, adətən, dayanıqlı olmasa da, fəsadları günlərlə sürür. Məsələn, bir çox küçə və prospektlər hələ də yanvarın 13-də yağan qardan təmizlənməyib. Üstəlik, əriyən qar bəzi ərazilərdə buzlayıb, səhər saatlarında nəqliyyatın və insanların hərəkətində çətinliklər yaradıb.
Vətəndaşların müvafiq şikayətlərinin sırasına bir çox yolların texnika ilə yox, insan əli ilə təmizləndiyi də əlavə olunub.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı paytaxtın ən çox şikayət olunan rayonlarının icra orqanları ilə əlaqə yaratmağa çalışıb.
Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Vəli Əliyev Oxu.Az-a açıqlamasında bütün magistral küçələrin qardan təmizləndiyini qeyd edib:
“Bütün magistral küçələr təmizlənib. Deməzsən ki, qar yağıb. Kiminsə küçəsində qalıbsa, o, bələdiyyəlikdir. Arxayın olun. Binəqədi rayonu ərazisində bütün yollar təmizlənib. Azadlıq prospektindən başlayaraq, Binəqədi kəndinə qədər hər yer təmizlənib. 6, 7, 9-cu mikrorayonlar da həmçinin. Hazırda səkidən kənarda qalan qarın təmizlənməsi prosesi gedir. Səhər duz tökdük. Problem yoxdur. Rəsulzadə qəsəbəsindəki yollar da hamısı təmizlənib.
Azadlıq prospekti, İbrahim Paşa Dadaşov küçəsi, Şövkət Məmmədova küçəsi , 7-8-ci mikrorayonlar, Cəfər Xəndan, Cavadxan, Mir Cəlal, Zahid Qəmbərov, Əli Məmmədov – bütün bu küçələrə qar yağanda duz səpilib. Dünən və bu gün təmizlənib. Piyadalar və sürücülər rahat şəkildə hərəkət edə bilərlər”.
V.Əliyev qeyd edib ki, şəxsi mülklərin sahibləri ətrafdakı əraziləri özləri təmizləməlidirlər:
“Ticarət obyektləri də özləri etməlidirlər. Eləsi var ki, deyir, “gəl, həyətimi də təmizlə. Parklar, küçələr təmizlənib”.
Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, jurnalistlərə açıqlama vermirlər. Sonra isə sualı günün ikinci yarısı cavablandıracaqlarını əlavə ediblər.
Nəzrin Vahid