Federasiya rəsmisi: “Əcnəbiləri milliləşdirməklə həndbolu inkişaf etdirə bilmərik” – MÜSAHİBƏ
Federasiya rəsmisi: “Əcnəbiləri milliləşdirməklə həndbolu inkişaf etdirə bilmərik” – MÜSAHİBƏ
“Əcnəbiləri milliləşdirib oynatmağın heç bir xeyri yoxdur. Bu, süni görünür”.
Bunu Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov “Report”a müsahibəsində deyib.
– İlin ilk günlərində Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və daha kiçik təvəllüdlü yeniyetmə həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışı keçirildi. Turnirlə bağlı təəssüratlarınız necədir?
– Həmin regionda ilk dəfə belə yarış keçirilirdi. Regionun bütün komandalarının turnirdə iştirak etmələri sevindirici haldır. Məşqçilərə seminar keçirdik, komandaları forma və toplarla təmin etdik. Həmin zonadakı məşqçilərlə birlikdə həndbolu inkişaf etdirmək istəyirik.
– Yeniyetmələrin durumu sizi qane etdi?
– Açığı, balacaların həndbol bacarıqları hələ aşağıdır. Yalnız Cəlilabad komandası bir az fərqlənirdi. Amma maraq çox yüksək idi. Balacalar həndbolla məşğul olmaq istəyirlər. Həmin zonada uzun müddət həndbol yox idi.
– Son vaxtlar Azərbaycan həndbolunda nisbətən canlanma hiss olunur. Ölkədə bu idman növünün inkişaf prosesi necə gedir?
– Əsas problemimiz uğurlu nəticələrimizin olmamasıdır. Çox istərdik ki, yığmalarımız beynəlxalq arenalarda uğurlu çıxış etsinlər. Ancaq bu, bir ilin işi deyil. Əcnəbiləri milliləşdirməklə həndbolu inkişaf etdirə bilmərik. Öz yetirmələrimiz olmalıdır. Bizim üçün prioritet budur. Düzdür, indiki məqamda Avropa ilə müqayisədə həndbolumuzun səviyyəsi aşağıdır.
– Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 6 tur geridə qalıb. Komandaların çıxışları ürəyinizcədir?
– Həm kişilərdə, həm də qadınlarda bərabər gücdə 3-4 komanda var. Heyətlərinə əcnəbilər cəlb ediblər, yaxşı maliyyə dəstəkləri var. Təbii ki, bu amillər intriqanın artmasına təkan verir. Oyunlar da gərgin alınır, komandalar başabaş mübarizə aparırlar. Yüksək Liqalarda autsayderlərin səviyyəsi digərlərindən aşağıdır.
– Kişilərdə 7, qadınlarda 6 klub çıxış edir. Bu sayın artması ilə bağlı hansısa addımlar atılır?
– Biz hər ikisində komanda sayını 10-a yüksəltmək istəyirik. Ancaq bunun üçün rayonları inkişaf etdirmək lazımdır. Bunu bacarsaq, işimiz daha da asanlaşar.
– Növbəti mövsümdə komanda sayını 10-a çatdırmaq nə dərəcədə real görünür?
– Hələ ki rayon komandaları yüksək liqada çıxış edəcək səviyyədə deyillər. Gəncə və Mingəçevirdə böyüklərdən ibarət komanda var. Ancaq onların da bazalarına əl gəzdirmək, komandaya kömək etmək lazımdır. Həmin zonalarda maliyyə problemləri də var. Bunları həll etsələr, ölkə çempionatında iştirak edə bilərlər.
– Çempionatdakı hazırkı mübarizə Azərbaycan millisinə necə təsir göstərə bilər?
– Sözsüz ki, müsbət təsir edəcək. Yerli həndbolçular klublardakı əcnəbilərdən nələrsə öyrənə bilərlər. Gənclərə üstünlük vermək lazımdır ki, onların sayı artsın. Onlara diqqət ayrılsa, yığma gələcəkdə yaxşı durumda olar.
– Qadınlardan ibarət Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində 5-ci qrupda keçirdiyi ilk iki oyununda məğlub olub. Yığmanın İspaniya, Şimali Makedoniya və Litva önündə bundan sonrakı matçlarda şanslarını necə qiymətləndirirsiniz?
– Komandamız fevralın sonlarında və martın əvvəllərində Litva ilə iki dəfə üz-üzə gələcək. Qrupdakı rəqiblər artıq illərdir sabit çıxış edirlər. İspaniyanın 17 yaşlı həndbolçuları yüksək liqada çıxış edirlər. Onlarla rəqabət aparmaq hələ tezdir.
– Bu rəqabətə hazır olmaq üçün nə etmək lazımdır?
– İlk növbədə yeniyetmə həndbolçulara diqqəti artırmaq lazımdır. Əcnəbiləri milliləşdirib oynatmağın heç bir xeyri yoxdur. Bu, süni görünür. Məsələn, “Neftçi”nin 3X3 basketbol komandasının heyəti amerikalılardan qurulub. Biz bu qaydada etmək istəmirik. Çətin olsa da, aşağı yaş qruplarından yetişdirmək istəyirik. Rayonlarda, məktəblərdə həndbol komandaları qurulmalıdır. Türkiyənin hər regionunda qızlardan ibarət həndbol komandaları var. Həmin sistemi burada da tətbiq etmək lazımdır. Federasiya bu yöndə dəstəyini əsirgəmir. Əvvəlki federasiya rəhbərliyi bu işlərlə məşğul olmayıb. Komandalarımız indi niyə məğlub olurlar? Əvvəlki federasiya 15-20 il ərzində iş görməyib, yeniyetmələrin inkişafı üçün bir qəpik də xərcləməyib. Ancaq hazırkı federasiya rəhbərliyi həndbolun inkişafına çalışır, yarışlar təşkil edir. Nazir Fərid Qayıbov da bunun üçün köməyini əsirgəmir.
– Qadın həndbolçulardan ibarət Avropa Kubokunun 1/8 final mərhələsinin yanvarın 20-də keçiriləcək “Armada Praksis Yalıkavaspor” (Türkiyə) – “Ankara Yenimahalle” (Türkiyə) matçında Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcəksiniz. Turnirin final görüşünə təyinat almaq perspektivinizi necə görürsünüz?
– Avropa Həndbol Federasiyası məni tez-tez klubların və millilərin oyunlarına təyin edir. Avropada tanınmış nümayəndəyəm. Bundan sonra üç il vaxtım qalıb. 68 yaşım tamam olandan sonra təyinat almayacağam. Ümumiyyətlə, Avropa Həndbol Federasiyasında iş strukturu belədir ki, 68 yaşı tamam olan bütün nümayəndələr, rəsmi şəxslər işi tamamlayırlar. Dəfələrlə yarımfinal, yeniyetmələrin, U-18, U-19, U-20-lərin yarışında final oyunlarına təyinat almışam. Ümumilikdə 6 dəfə final görüşündə iş başında olmuşam. Fikrimcə, aktiv fəaliyyətimin son illərində böyüklərin yarışında da bir final görüşü mənə həvalə olunar. 68 yaşdan sonra yəqin ki, təkcə Azərbaycan Həndbol Federasiyasındakı fəaliyyətimi davam etdirəcəyəm.