Eldar Əlimuradov: “İşğaldan azad olunan torpaqlarımızda turizm infrastrukturu yaradılır”
Eldar Əlimuradov: “İşğaldan azad olunan torpaqlarımızda turizm infrastrukturu yaradılır”
“Bu il ölkəmiz COP29 sammitinə ev sahibliyi ilə turizm və qonaqpərvərlik sənayesinin yeni dövrünə qədəm qoyacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının idarə heyətinin sədri Eldar Əlimuradov “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, beynəlxalq tədbirlə ölkəmizin unikal turizm destinasiyası kimi tanıdılması davam edəcək:
“2022-ci il üzrə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 757, nömrələrin sayı 27 312, çarpayı yerlərinin sayı 56 562 olub. Bu il bir neçə yeni brendinin də bu siyahıya qatılacağını və nömrə fondunun daha da artacağını gözləyirik. Təbii ki, bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticəsidir”.
Sədr bildirib ki, pandemiya dövründə hotelçilik institutu ən böyük zərbə alan sahələrdən olub:
“Onlardan bəziləri karantin müəssisəsi kimi vətəndaşlar və səhiyyə işçilərinə verildi. Bu dövrdə 30 hotelin ödənişsiz ulduz təsnifatı keçirilməsi bərpa turunda onlar üçün vacib idi. Eyni zamanda, Azərbaycanda Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, regionlarda hotel və sanatoriyalarda daşınmaz əmlak vergisi 3 il ərzində 75 faiz azaldılıb. Bu da turizmin inkişafına təkan verəcək”.
O qeyd edib ki, tezliklə Qarabağda beynəlxalq investorlar tərəfindən hotel şəbəkələrinin olacağına inanır:
“Artıq işğaldan azad olunan torpaqlarımızda turizm infrastrukturu yaradılır. Şuşa, Tərtər rayonunun Suqovuşan kəndinə və digər ərazilərə turist səfərləri təşkil edilir”.
“2003-2019-cu illər ərzində Azərbaycana səfər edən əcnəbilərin sayı üç dəfədən, mehmanxanalarda gecələyənlərin sayı 7 dəfədən çox artıb” – deyə əlavə edib.
İlhamə Əbülfət