Baş katib: “Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var”
Baş katib: “Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var”
“Azərbaycanda bələdçilərin sayı doqquz dəfə artıb. Lakin təkcə kəmiyyətdə deyil, keyfiyyətdə də böyük nailiyyətlərə nail olmuşuq”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əvvəllər ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında məlumatlı deyildi və bələdçilərimizin sayı da məhdud idi:
“Xidmət isə yalnız ingilis və rus dilində idi. Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var və onlar beynəlxalq standartlara uyğun hazırlanırlar. Bu gün bələdçilərimiz Şuşa, Ağdam və ətraf ərazilərdə turist səfərlərində iştirak edirlər”.
“Bu ildə Azərbaycan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Deyərdim ki, bu, indiyə qədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq. 50-80 minə yaxın iştirakçı olacaq. Bu fürsətdən istifadə edib bələdçilərimiz işlərini daha da yaxşılaşdırmalıdırlar. Çünki onlar ölkənin imicinin formalaşmasında rol oynayırlar”, – deyə o əlavə edib.
İlhamə Əbülfət