84 yaşlı kinoşünas: “Qohumunu, ya sevgilisini gətirir ki, bunu baş rolda çəkəcəksən” – MÜSAHİBƏ + FOTO
84 yaşlı kinoşünas: “Qohumunu, ya sevgilisini gətirir ki, bunu baş rolda çəkəcəksən” – MÜSAHİBƏ + FOTO
Onu Azərbaycan kinosunun ən gözəl bilicisi, canlı tarixi adlandırırlar. Kinoşünas kimi qələmə verilməsini xoşlamasa da, adının kinodan ayrı səsləndirmək də mümkün deyil. Milli kino tariximizin 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsində, nəticədə avqustun 2-sinin Kino İşçiləri Günü elan edilməsində əvəzsiz rolu olub. Müsahibimiz “Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsi məlumat-reklam bürosunun direktoru, AzTV-də dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İstehsalat Birliyində reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini və baş mütəxəssisi vəzifələrində çalışmış jurnalist Aydın Kazımzadədir.
Azərbaycanda kino mətbuatının yaradıcısı bu gün 84 yaşını qeyd edir.
“Report” A.Kazımzadə ilə müsahibəni təqdim edir:
– Aydın müəllim, 84 yaşınız tamam olur. Bu doğum gününüzü necə qarşılayırsınız? Hələ də unuda bilmədiyiniz doğum günü təbriki olubmu?
– Mənim üçün ailə ilə birlikdə qeyd olunan ad gününün heç bir əvəzi yoxdur. Divarda gördüyünüz şəkildə (divardan asılmış ailəvi fotonu göstərir – red.) bütün ailəm, həyat yoldaşım da yanımdadır. Onlarla birlikdə olan doğum günlərini heç nə əvəzləyə bilməz. Ancaq indi vəziyyət dəyişib, həyat yoldaşım artıq bu dünyadan köçüb, yanımda yoxdur. Ailəmin bütün üzvlərinin yanımda olduğu heç bir ad günü yadımdan çıxmır. O vaxtlar kimim vardısa, hamısı yanımda idi, indi artıq dağınıqdır. Kimisi xaricdə təhsil alır, kimisi də öz işində-gücündə. Hamının olduğu günlər isə sadəcə fotolarda qalıb.
– Sizinlə müsahibə üçün danışanda dediniz ki, insan atadan-anadan yox, həyat yoldaşı dünyadan köçəndə yetim qalır.
– Hə, onun yoxluğu çox ağrılıdır. 56 il bir yerdə yaşadıq. Sizə az gəlməsin. Əgər sağ olsaydı, evliliyimizin 60 illiyini qeyd edəcəkdik. 50 illiyimizi qeyd etmişdik.
– Xanımınızla sevib ailə qurmuşdunuz?
– Sevmək deyəndə ki, xoşuma gəldi. O vaxt həyat yoldaşımla bacısı xalamın evində kirayə yaşayırdı. Amma mən gəlib-gedəndə heç bunları görməmişdim. Elə ki, mən gəlirdim onlar otağa keçirdilər, mən gedənə qədər də çıxmırdılar. Xalam o vaxt dedi ki, anan xəstə qadındır, artıq həm də vaxtdır, gəl evlən. Dedim, ay xala, qız var, necə evlənim? Dedi, elə gözümüzün qabağında bizdə qalan qızlar. Bir bax gör, bəlkə bəyənəcəksən. Bir dəfə dedim görüm bu qızları, onda da evdə deyildilər. Xalam söylədi ki, qızların sənədləri evdədir. Dedim sənədləri gətir bir baxaq. Onda sənəddə bir balaca şəklinə baxdım. Elə o vaxtdan surətpərəst olmuşam. Qızı gördüm, xoşuma gəldi. O xoşuma gələnlə evləndik. 56 il birlikdə çox xoşbəxt yaşadıq. Amma indi onsuz çətindir.
– Siz həmişə demisiniz ki, mən kinoşünas yox, jurnalistəm. Bəs kino sahəsində gördüyünüz bu qədər işlər necə?! Hətta milli kino tariximizin 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktının üzə çıxarılması da sizin adınızla bağlıdır…
– Bəli, mən jurnalistəm, kinoşünas Ayaz Salayevdir. Rusiyaya gedib təhsilini də alıb. Mən jurnalistika ixtisasını bitirmişəm. Sonra təsadüfən iş axtara-axtara gəlib kinoya çıxmışam. Onda düşünürdüm ki, sonra gedib fərli bir iş taparam. Hətta o vaxtı yaxşı bir iş təklifi də gəldi. Amma gedə bilmədim, ona görə ki, kinoya gələndən sonra “Azərbaycanfilm” kinostudiyasında Muxtar Dadaşov, Tofiq Tağızadə, Məmməd Əlili kimi bu işi bilən sənətkarlara rast gəldim. Onlarla qısa bir vaxt ərzində elə doğmalaşdım ki, sonra ayrıla bilmədim. Həm də mən atamı görməmişəm. O, 1943-cü ildə İkinci Dünya müharibəsində Ukraynada həlak olub. Sadaladığım adamlarda isə özümə qarşı məhəbbət görmüşəm. Məsələn, rejissor Niyazi Bədəlovla çox yaxın olmuşam. O, öləndə hətta onun yuyulmasında belə iştirak etmişəm. Məmməd Əlili ilə çox yaxın idik. Hətta o oğlu Qorxmaz Əliliyə demişdi ki, mənim haqqımda kitab yazmaq fikrinə düşsən, ancaq Aydına de, çünki onun qədər kinoda məni tanıyan yoxdur. Bəli, mən onlarla çox yaxın olmuşam və beləcə kinodan da gedə bilməmişəm.
– Hazırda Jurnalistlər Birliyi, Mətbuat Şurası ilə əlaqələriniz necədir?
– Bu yaxınlarda Azərbaycan Jurnalistlər Birliyinə getmişdim. Getdim ki, qapıda bir nəfər oturub, elə qapını açıb bağlamaqla məşğuldur. Dedim ki, a kişi mənim bu jurnalist kitabçam köhnəlir, gəl bunu yeniləyək. Dəyişdi. Bununla da fəaliyyət bitdi. Birliyin sədri Elçin Şıxlıya hörmətim çox böyükdür, amma belə olmaz, fəaliyyət göstərmək lazımdır. Mən belə baxıram sabah mən ölsəm, heç basdırılanda da onların xəbəri olmayacaq. Əflatun Amaşov Mətbuat Şurasının sədri olan vaxtı ona dedim ki, mən jurnalistəm, niyə məni tədbirlərə dəvət etmirsiniz, qoymusunuz kənarda?! İndi işlədiyim kino ilə bağlı qəzet və jurnal bağlandı, amma mən jurnalist olaraq qalıram axı, bu çap olunan kitablar ki var, hamısı jurnalist işidir. Yaşlı adamam, bir itirib-axtarın da. Qorxurlar ki, birdən ev istəyərəm. Allah Heydər Əliyevə rəhmət etsin, Prezident İlham Əliyevə də cansağlığı versin. Onsuz da onlar nə diqqət lazımdır mənə göstəriblər. Ad da veriblər, ev də. Mükafatlarım da ordadır (Əli ilə şkafın üstündə düzülmüş mükafatları göstərir – red.).
Şkafın üstündə aktrisa Şəfiqə Məmmədova ilə foto diqqətimi çəkir. Elə ağlımdan sual vermək keçir ki, Aydın müəllim söhbətə davam edir.
– Hə, yəqin şkafın üstündəki bu foto ilə bağlı da sualınız olar, düşünə bilərsiniz ki, niyə ailəmlə yox, məhz Şəfiqə Məmmədova ilə şəklimiz var. Ona görə ki, onun mənim həyatımda rolu çox böyük olub. Heç vaxt məndən dəstəyini əsirgəməyib. Şəfiqə həmişə deyir ki, kino ilə bağlı əlimi nəyə atıram, Aydının kitablarında hazır çıxır.
– Şəfiqə xanımdan söz düşmüşkən, bir müddət əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşdirildi. Amma sədr hələ bəlli deyil. Necə düşünürsünüz, ittifaqların birləşməsi uğurlu addımdır?
– Birləşməni uğurlu hesab edirəm. Amma burada bir məsələ var ki, çəkişmə gedir. Şəfiqə xanım sakit oturub, heç nəyə qarışmır. O, böyük sənətkardır. Şəfiqə xanım kişi qızıdır ki, parlayan vaxtı teatrdan, zirvədə durduğu bir zamanda isə kinodan getdi. İndi də gözləyir görsün ki, bu ittifaq məsələsinin axırı necə olacaq. Qarşı tərəf də yoldaşlarımızdır, amma belə olmaz. Dayanmadan barələrində verilişlər gedir. Ancaq Şəfiqə xanımda elə xarakter var ki, mən kinoda heç kimdə görməmişəm. O ki qaldı ittifaqların birləşməsini niyə uğurlu hesab edirəm, ona görə ki, çəkişmələr dayanacaq, yalandan cürbəcür tədbirlər olmayacaq. Yadıma gəlir 70 yaşım olanda Rasim Balayevin yanına getdim ki, bəs mənim 70 yaşım olur. Dedi ki, pulumuz yoxdur. Heç ağzımı açmağa qoymadı. Axı mən heç pul üçün getməmişdim. Dedi ki, sən bir kafedə qonaqlıq ver, gələk orda danışaq. Məgər, mənim danışmağa, qonaqlığa ehtiyacım vardı?! Heç nəyə ehtiyacım yoxdur. Mən az iş görməmişəm axı, təkcə qəzet, jurnal çapı ilə məşğul olmamışam. Azərbaycanda yeganə adamam ki, o vaxtı aktyor, rejissor heyətini yığıb, Sovet İttifaqının bütün kəndlərində, şəhərlərində, vilayətlərində Azərbaycanın kino festivalını keçirirdik. Qərbi Sibirin elə yeri yox idi ki, biz ora getməyək, festival keçirməyək.
– Bu qədər ölkələrə səfərlər edib, tanınmış kino adamları ilə həmsöhbət olmusunuz. Bu səfərlər zamanı, yəqin ki, maraqlı söhbətlər, hadisələr olub…
– Leyla Bədirbəyli ilə, yalan olmasın, bütün SSRİ-ni gəzmişəm. Bir dəfə birlikdə Türkmənistanda idik. Orada olduğumuz axırıncı gün bizə qonaqlıq verdilər. Məclisdə isə bizim nümayəndələr və Türkmənistanın kino işçiləri iştirak edirdilər. Azərbaycanın kino xadimi, jurnalist Azad Şərifov da bizimlə idi. Onda birdən Türkmənistanın Kino Komitəsinin sədri dedi ki, Azad müəllim, istəyirik ki, məclisin aparıcısı siz olasınız. O qayıtdı ki, yox. Bəs bizim aramızda gözəl bir xanım var – Leyla Bədirbəyli, bütün dünyada məşhurdur. İstəyirəm ki, o olsun. Leyla xanım durdu ayağa. İlahi…
Başladı Türkmənistanın kino tarixindən danışmağa. Sən demə o hara gedirdisə, o ölkə haqqında əvvəlcədən oxuyub, öyrənirmiş. O cümlədən, həmin ölkənin kino, teatr tarixi və adamları haqqında araşdırma aparırmış. Söhbətin bu yerində birdən bir aktyor qayıtdı ki, xahiş edirəm nə qədər ki, Leyla xanım danışır, mən söz demək istəyirəm. Bilirsiniz, Leyla xanım, mən “Arşın mal alan” filminə baxandan sonra qarşıma məqsəd qoydum ki, aktyor olacağam və sizin Rəşid Behbudovla oynamağınız məni elə tutdu ki, onda dedim vaxt olacaq mən gedəcəyəm bu xanımın qarşısında diz çökəcəyəm. Amma həyat elə gətirdi ki, siz buradasınız. İnanırsınız, o boyda kişi sözünü bitirib durub gəldi Leyla xanımın qarşısında baş əydi. Mən həm də fotoqraf idim axı, şəkillər çəkirdim, amma aparat o anda yanımda deyildi ki, bunu çəkim, qaldım baxa-baxa. Biz heyran qaldıq. İndi siz görün Leyla Bədirbəyli necə qüdrətli bir sənətkardır. Həmin aktyor SSRİ Xalq artisti Baba Annanov idi. Hə, Leyla Bədirbəyli ilə bağlı bir maraqlı məsələni də deyim sizə. Dedim axı onunla çox səfərdə olmuşuq. Bir sarı çamadanı vardı. Mən daşıyırdım, həmişə çox ağır olurdu. Deyirdim, ay Leyla xanım, bunun içində nə var? Deyirdi ki, açanda görərsən. Görürdün ki, burada görüşəcəyi hər kəs üçün hədiyyə yığıb gətirib. O qədər də diqqətli idi.
– Ermənistanda da bu kimi görüşləriniz olub?
– Onda Həzi Aslanovla bağlı “Sizi dünyalar qədər sevirdim” film çəkilirdi. O vaxtı kinorejissor Rasim İsmayılov, operator Valeri Kərimov, baş rolu oynayan Ramiz Novruzov və mən Gürcüstana, oradan da Ermənistana getdik. Bizi sərhəddə qarşıladılar və mehmanxanaya yerləşdirdilər. Birdən pəncərədən baxanda gördük ki, uzun bir xatirə memorial kompleksinə bənzəyən nəsə görünür. Bizi müşayiət edən erməni də yanımızda idi. Soruşduq ki, bəs o nədir? Dedi ki, bu, türklərin ermənilərə qarşı törətdiyi “soyqırımı”na həsr olunan abidədir. Qayıtdı ki, baxmaq istəyirsinizsə, apara bilərik, çox qəribədir, onda sanki tanrı bizə dirijorluq etdi. Hamımız bir ağızdan, xorla, eyni anda “Yox, getmirik!” dedik. Bu, ermənilərin xoşuna gəlmədi. Bu, birinci zərbə idi. Axşam filmin təqdimatında olduq. Kinoteatr dolu, ermənilər hamısı oturub filmə baxır. Biz də birinci sırada əyləşmişik. Filmdə də erməni adları gedir. Hər erməni adı getdikcə zal alqışlamağa başlayır. Orada belə bir səhnə var ki, Həzi Aslanov erməni əsgərdən soruşur: “Sənin adın nədir?” Erməni deyir ki, Akop. Həzi Aslanov qayıdır ki, bəs sən bilirsən Akop nədir? Adımdır da, deyir. Onda cavab verir ki, yox, bu səngərdir. Deyəsən, sonradan həmin hissəni ekran əsərindən çıxarıblar. Bu cavab səslənəndə zaldan səs çıxmır. Onda dedim ki, Rasim, indi ya aləm qarışacaq, ya sakitcə çıxıb gedəcəyik. Elə ki, film bitdi, o bizi qarşılayan, qonaqlayan, “Azərbaycan kinosu ay elə, ay belə” deyən adamlar yoxa çıxdılar. Birdən sürücü gəldi, lenti qoydu qabağımıza, kinomexanik qayıdıb ki, apar ver özlərinə, qoy rədd olsunlar. Bizi gətirdi mehmanxanaya, dedi ki, sabah 8-də hazır olun, gəlib sizi aparacağam. Halbuki, biz hava limanında saat 1-də olmalı idik. Onda dedik ki, bəs saat 8-də bizim orada nə işimiz var? Cavab verdi ki, mən bilmərəm, işlərim var, mənə deyilib ki, sizi saat 8-də hava limanına aparım. Səhər açıldı, o sürücü saat 8-də bizi gətirdi hava limanına qoydu, amma nə sağollaşdı, nə də başqa bir şey. Bax, qızım, ermənilərin əvvəldən xisləti bu olub, onlar elə əvvəldən həqiqəti qəbul etməyiblər. Bax belə maraqlı hadisələr olub.
– 20 ilə yaxın Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərmisiniz, amma müsahibələrinizin birində demisiniz ki, universitet heç bilmir ki, bu gün sizin yubileyinizdir. Sizcə, bu qədər mədəniyyət nümayəndəsini yetişdirən bir universitetin öz incəsənət xadiminə biganə yanaşması nə ilə bağlıdır?
– O vaxt orada rüşvətxor müəllimlər vardı. Mən də açıqsözlü adam. Sözümü deyirdim. Sonra gördüm danışdıqca mənə qarşı münasibət də dəyişdi. Sonra da ərizə yazıb işdən çıxdım. Amma rektor Timuçin Əfəndiyevin vaxtında vəziyyət başqa idi. Onun dövründə 70 illiyim də universitetdə təntənəli şəkildə qeyd olunmuşdu.
– Aydın müəllim, bu gün universitetdə 200 balla qəbul olunan tələbələr təhsil alırlar. Səbəb kimi isə əlavə qabiliyyət imtahanının olması göstərilir. Siz universitetin keçmiş müəllimi və bu sahənin adamı kimi belə yanaşmanı doğru hesab edirsinizmi?
– Mən auditoriyaya girəndə tələbələrdən soruşurdum ki, aranızda “kinoşünas” sözünü eşidib gələn varmı? Səs çıxmırdı. Deyirdilər ki, imtahan verdik, Xarici Dillər Universitetinə, yaxud, başqa yerə düşə bilmədik və gəldik bura. Sonra soruşurdum ki, kim şeir yaza bilir? Bir nəfər ola, ya olmaya. Soruşurdum ki, bəlkə aranızda qısa hekayə, filan yazan var? Yenə səs çıxmırdı. Bax bunlar yoxdursa, necə kinoşünas olmaq olar?! Ona görə mən də yönlədirmə edirdim, deyirdim ki, yaxşı onda jurnalistikaya meyil edin. Amma müəllimlərinizdən kinoşünaslığın texnikasını öyrənin. Hərçənd, orada elə müəllimlər vardı ki, kal idi, bu da başqa mövzudur.
– Hər il yüzlərlə tələbə sözügedən universitetdən məzun olur. Amma onların arasından keyfiyyətli rejissor və aktyor barmaqla sayılacaq qədərdir. Sizcə, təqsir kimdədir – universitet heyətində, tələbədə, yoxsa ortada başqa amil var?
– Hamı günahkardır. İnsan harasa gedəndə bilməlidir ki, ora niyə gedir, sonda nə olacaq. Amma bir məsələ də var ki, axı 30 nəfər rejissor yetişdirmək mümkün deyil?! Uzağı 10 nəfər yetişər də. Yoxsa 30 nəfər yığışır auditoriyaya, ağız deyəni qulaq eşitmir. İndi mənim dərsimdə sakit otururdular, çünki mən kino ilə bağlı elə şeylərdən danışırdım ki, onlara maraqlı idi.
– “Milli seriallarımız tamaşaçıların zövqünü tamamilə korlayacaq, bu cür seriallar yayımlanmamışdan əvvəl ilk olaraq mövzularına diqqət yetirilməlidir” – müsahibələrinizin birində bu fikri səsləndirmisiniz. Hazırda Azərbaycan seriallarının əksəriyyəti ailə-məişət mövzusundan kənara çıxmır. Buna tələb var, yoxsa mövzu qıtlığı yaşayırıq?
– Rusların belə bir məsəli var – “musiqini kim sifariş verirsə, o da oynayır”. Mən o vaxt bu fikri səsləndirmişəm, amma sonra düşündüm ki, yanılıram. Çünki dövlət kino çəkmir, kino çəkənlər onu çəkmək üçün pul axtarırlar, tapırlar. Deməli bu pul tapıbsa, serial, ya kino çəkirsə, onda ona “sağ ol” demək lazımdır. Tələb də belədir. Mövzunu isə pulu verən adam deyir. Sonra da gedir nə bilim qohumunu, ya sevgilisini gətirir ki, bunu baş rolda çəkəcəksən, filan səhnədə də bunu edəcəksən.
– Belə olan halda biz hansı keyfiyyətdən danışa bilərik?
– Hə, burada keyfiyyət söhbəti yoxdur. İndi keyfiyyətli iş deyəndə Rövşən İsaxın adını çəkə bilərəm. Mən ona valehəm, onun serialları əvəzsizdir.
– “Vicdan haqqı” serialı yaxşı idi. Amma o da ailə-məişət mövzusunda idi axı…
– İstənilən mövzuda serial çəkə bilərsən. Amma nə cür çəkəcəksən – məsələ budur. İndi “Yuxu kimi” serialı gedir, camaat həftəsonunu gözləyir. Mən rejissorun özü ilə görüşdüm. Dedim ki, qardaş, sən Azərbaycan üçün böyük tapıntısan. Əgər ona dövlət film sifariş versə, gör o, nələr edər. Amma o, pulu özü tapır. Pulu isə ona görə tapır ki, çünki işləri baxılır.
– Türkiyə istehsallı seriallar azərbaycanca tərcümə olunaraq telekanallarımızda təqdim olunur. Bu barədə nə düşünürsünüz?
– Tərcümə olunmalıdır. Axı biz tam olaraq başa düşmürük, məsələn, mən baxanda birini başa düşürəm, ikisini düşmürəm. Özü də fikir vermisiniz, türklər Azərbaycana gələndə öz dillərində danışırlar, biz gedən kimi, dərhal danışığımızı dəyişirik. Ona görə tərcümə olunması doğrudur.
– Vaxtilə Azərbaycanda kino ilə bağlı jurnallar çıxırdı, indi bu istiqamətdə işlər azalıb. Ümumiyyətlə, hazırda hansısa kino jurnalını izləyirsiniz və ya bəyənirsiniz?
– Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” jurnalı var. Xalis kino jurnalıdır, orada çox savadlı və sanballı yazılar gedir. Onu izləyirəm. Tələbələr əgər onu alıb oxusalar, bu onlar üçün həm də yaxşı vəsaitdir.
– Gənc kinoşünasların – Aygün Aslanlı, Sevda Sultanova və s. yazılarını oxuyursunuz? Gənclərin kinoya yanaşması, baxış bucağını bəyənirsiniz?
– İkisi də savadlıdır. Aygün mənim tələbəm olub. Adını çəkdiyiniz hər iki nəfər ciddi şəkildə bu işin içindədir. Sevda Sultanovanı şəxsən tanımıram, amma yazılarından bilirəm ki, hədəf obyektini çox vurur, yəni çox sərt şəkildə tənqid edir. Mən bir dəfə axmaq bir hərəkət etdim. Bir film haqqında çox sərt çıxış etdim, əslində o qədər pis film də deyil. Amma tənqid etdim. Əslində olmaz, bütün hallarda ortada zəhmət var. Yaxşı tərəfi də görmək lazımdır. Bir var başı sığallayıb vurasan, biri də var qapazı ilişdirəsən.
– Azərbaycan kino tarixindən sadəcə bir film seçmək imkanınız olsaydı, hansını seçərdiniz?
– Bir əhvalatı danışım, onda siz görəcəksiniz ki, niyə bir film adı çəkə bilmirəm. O vaxtı Polad Bülbüloğlu nazir olanda, mən Dövlət Film Fondunda işləyirdim. O, məni işlərimdən, yazılarımdan tanıyırdı. Bəzən nəsə olan kimi birbaşa mənimlə əlaqə saxlayırdı. Bir gün zəng etdi ki, UNESCO məktub göndərib ki, onların kataloqu çıxacaq, onun üçün hər respublikadan 3 film istəyirlər, 3 film adı deyə bilərsən? Dedim ki, Polad müəllim, 3 saniyə içərisində deyərəm, amma uyğundursa, sabah yığın kinostudiyanın direktorunu, İttifaqdan da adam gəlsin, sizin kino şöbəsinin müdiri də həmçinin, Ayaz Salayevi və bir neçə belə adamla birlikdə müzakirə edək. Razılaşdı. Sonra kimsə kənarda qalacaq deyəcək, məgər mənim filmin əskikdir, niyə mənim filmim göndərilməyib?! Yığışdıq. Birinci adını çəkdim “Arşın mal alan” filminin – ona görə ki, Azərbaycanın inqilabdan əvvəlki vəziyyəti orada əks olunub. İnsanların necə yaşadığı orada öz əksini tapıb. İkinci filmi “Bir cənub şəhərində” dedim. Gördüm bunu deyəndə, yoldaşları bu təklifim tutdu. Dedim ki, biz özümüz də qəbul etmişik ki, bu, Azərbaycan kinosunda dönüş yaratdı. Kinomuzda pafos bununla da yox olub getdi. Bu film sovet hökumətinin astarını göstərir. Üçüncü üçün isə iki variant vardı: “Nəsimi” və ya “Babək”. “Nəsimi” gözəl işdir, aktyor, rejissor işi, hər şey əladır, Rasim Balayevin də oyununa söz yoxdur, bu, bir tarixdir, amma sonda Nəsimin dərisinin soyulması məqamı ki var, film kataloqa salınanda göstəriləcək ki, o cür şairin dərisini soyurlar. İnsanlar bunu yaxşı qəbul etməyəcək ki, insanın da dərisini soymaq olar?! Bu adamlıq deyil, amma “Babək” filmində sərkərdə 22 il atın belində ərəblərə qarşı vuruşub. Biz bu filmlə göstəririk ki, Azərbaycan xalqı igiddir və öləndə də kişi kimi ölür. Amma bir məsələ də var ki, bu filmin bəstəkarı Polad Bülbüloğludur. İndi qoy yoldaşlar seçsin. Sonra deməsinlər ki, Aydın yaltaqlıq edir. Hamısı qayıtdı ki, “Babək” filmi olsun. Elə o da oldu. Bu üç film yollanıldı. Ona görə də, bir film adı çəkmək çətindir.
– Cəfər Cabbarlı, Elmira Şabanova haqqında yazdığınız kitabların çap prosesi ilə bağlı məsələ nə yerdədir?
– Cəfər Cabbarlının kitabı hələ ki, durur, ömür vəfa etsə, çap etdirəcəyəm, redaktə işi qalıb, Elmira Şabanova ilə bağlı kitab isə mətbəədədir.
– İkicildli “Azərbaycan Kino Salnaməsi”nin birinci hissəsini çap etmisiniz. Bildiyimə görə, ikinci cild üzərində işləyirsiniz?
– Bəli, kitabın birinci cildi çapdan çıxıb. Növbəti cildlə bağlı bütün işlər yekunlaşıb, Film Fonduna vermişəm. Qızım, mən dayanmıram, evdə belə, hazırda qrafikli çalışan adamlardan çox işləyirəm. Məni nərd, domino oynayan görməzsiniz. Heç vaxtım da yoxdur. Ömür vəfa edənə qədər çalışacağam.