“Yerli Şirkətlərin Tanıtım Sərgisi” haqqında “Marsol Group”un direktoru Bilal Qasımlı ilə MÜSAHİBƏ
“Yerli Şirkətlərin Tanıtım Sərgisi” haqqında “Marsol Group”un direktoru Bilal Qasımlı ilə MÜSAHİBƏ
“Marsol Group” şirkətinin direktoru Bilal Qasımlı ölkəmizdə beşinci dəfə təşkil olunacaq “Yerli Şirkətlərin Tanıtım Sərgisi” ilə bağlı müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– “Marsol Group” hər zaman təşkil etdiyi layihələrlə, gördüyü işlərlə ölkə iqtisadiyyatına töhfələr verib. Bəs, artıq hər kəsin müzakirəsinə səbəb olan bu böyük sərginin təşkilinin iqtisadiyyata necə təsiri var?
– Sahibkarlar arasında iş birliyinin artması, işgüzar əlaqələrin genişlənməsi ölkə iqtisadiyyatına müsbət təsir edir. Biz də, bunu sərgi vasitəsi ilə Azərbaycanda tətbiq edərək, ayrı-ayrı istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar arasında əlaqələri genişləndiririk. Bu tədbirlər vasitəsilə geniş əlaqələr qurulur və inkişafa doğru daha da ciddi addımlar atılır. Şirkətimizin inkişafının ölkədəki sahibkarlıq subyektlərinin inkişafından asılı olduğunu başa düşərək fəaliyyətimizi də bu məqsəd üzərində qurmuşuq.
– Sərgi artıq neçə ildir təşkil olunur, bu sərgilərdə statistik göstəricilər necə dəyişir?
– Sərgi artıq 5 ildir ki, davamlı şəkildə təşkil olunur. Hər il insanların marağı artır, bununla birlikdə statistik göstəricilərimiz də artır. Nümunə olaraq deyə bilərik ki, 2023-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və KOBİA ilə birgə təşkil etdiyimiz “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə 200-ə yaxın şirkət öz stendilə təmsil olunub müxtəlif yaş qruplarında və fərqli sahələrdə çalışan 26 000-dən çox şəxs sərgimizi ziyarət edib.
– Sərginin əsas mahiyyəti və əhəmiyyəti nədən ibarətdir?
– Bayaq vurğuladıq ki, sərgi işgüzar əlaqələrin genişlənməsinə, sahibkarlar arasında iş birliyinin artmasına müsbət təsir edir. Amma bununla bitmir. Sərgilər marka tanıtımında da böyük rol oynayır. Sərgi şirkətinizin xidmət və məhsullarını əyani şəkildə müştəriyə nümayiş etdirməyə və yerli bazarda güvənilən marka kimi tanınmağınıza imkan yaradır. Bir sözlə, inkişafameyilli və inkişaf üçün şərait axtaran hər bir şirkət mütləq sərgidə öz stendi ilə təmsil olunmalıdır. Bütün bu saydıqlarımız elə sərginin, əsas mahiyyətini və əhəmiyyətini təşkil edir.
– Sərgidə hansı kateqoriyadan şirkətlərin stendi ola bilər?
– Sərgimizdə iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən şirkətlər öz stendlərilə təmsil olunaraq məhsul və xidmətlərini nümayiş etdirə bilərlər.
– Sərginin həm öz stendi ilə təmsil olunan şirkətlərə, həm də, ziyarətçilərə hansı faydası var?
– Sərgidə öz stendi ilə təmsil olunan şirkətlər bir növ həmin sahədə xidmət göstərən 200-ə yaxın yerli şirkətlər arasında öz varlığını göstərir və rəqabətdən geri qalmır. Bununla yanaşı, məhsullarını minlərlə ziyarətçiyə nümayiş etdirir, sektorun peşəkarları ilə görüşərək markalarını B2B bazarına təqdim edirlər və bu zaman satış etmə imkanı da qazanırlar. Ziyarətçilər isə sərgi vasitəsi ilə daha çox şirkət haqqında məlumatlanır, əgər məhsul almaq istəyirsə geniş seçimlərdən düzgün olanı seçir və ya qurmaq istədiyi biznes sahəsində hansı rəqibləri varsa onları yaxından görüb, tanıma və yeni strategiya inkişaf etdirmə şansı qazanır.
– Son olaraq sərgidə iştirakla bağlı sualımız var, istəyən hər kəs ziyarətçi qismində iştirak edə bilər mi?
– Bəli, istəyən hər kəs sərgidə ziyarətçi qismində iştirak edə bilər. Sərgi müddəti ərzində iştirakçı və ziyarətçilər üçün ödənişsiz marşrut xidmətimiz də var. Avtobuslar şəhərin müxtəlif yerlərindən sərgi zalına müəyyən edilmiş marşrut xətti üzrə hərəkət edirlər. Bu il də tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkət öz stendilə sərgidə təmsil olunacaq. 24,25,26 iyun tarixlərində, “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nə hər kəsi gözləyirik. Onu da qeyd etmək istəyirəm ki, sərgidə ziyarətçi iştirakı tamamilə ödənişsizdir.