“Taxt-tac oyunları” serialının aktyoru yeni dünya rekordu qırmaq niyyətindədir
“Taxt-tac oyunları” serialının pərəstişkarlarına ser Qriqor kimi tanınan aktyor və idmançı Haftor Byörnsson Rusiyanın Krasnoyarsk şəhərində güc idman növləri üzrə yarışlarda iştirak edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Bodibildinq Federasiyasının Mətbuat Xidmətindən bildirilib.
Byörnsson turnirdə iştirak üçün müqavilə imzalayıb. O, ağırlıqqaldırma üzrə yeni dünya rekordunu qırmağa cəhd etmək niyyətindədir.
2020-ci ildə Byörnsson tərəfindən qurulmuş hazırkı rekord 501 kq təşkil edir.
Turnir 19-20 aprel tarixlərində keçiriləcək.
Byörnsson peşəkar idman karyerasına 2006-cı ildə basketbolçu kimi başlayıb. 2008-ci ildə diz zədəsindən sonra basketbolu tərk edib və güc ekstriminə yönəlib. O, 11 dəfə İslandiyanın ən güclü adamı adına layiq görülüb. 2013-cü ilin avqustunda “Taxt-tac oyunları” serialının 4-cü mövsümündə Qriqor “Dağ” Kliqan roluna təsdiq edilib. Bu rol 36 yaşlı islandiyalını ulduz edib.
2015-ci ildə Byörnsson Norveçdə “Dünyanın ən güclü vikinqi” yarışlarında min illik rekorda imza atıb – o, 650 kiloqramlıq 10 metrlik kötüyü 5 addım daşımağı bacarıb. Əvvəlki rekord X əsrin əvvəllərində “Güclü Orm” ləqəbli islandiyalı vikinq Orm Storolfsson tərəfindən qurulub; o, eyni çəkidə gəmi dirəyini üç addım daşıdıqdan sonra belini sındırıb.