Yohan Bekman: “Qərb tam sürətlə Rusiya ilə böyük müharibəyə hazırlaşır” – MÜSAHİBƏ
Yohan Bekman: “Qərb tam sürətlə Rusiya ilə böyük müharibəyə hazırlaşır” – MÜSAHİBƏ
İsveç rəsmi olaraq NATO-ya daxil olduqdan sonra ekspert icmasında yenidən Karib böhranının (1962-ci ilin oktyabrında Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında nüvə müharibəsi təhlükəsi daşıyan siyasi, diplomatik və hərbi qarşıdurma – red.) təkrarlanma ehtimalı haqqında müzakirələr başlanıb.
İsveç hakimiyyət orqanları sakinləri “dar gün üçün çanta” yığmağa və konservlər almağa çağırıb.
Bu barədə Oxu.Az-a danışan finlandiyalı ictimai xadim, sosial və siyasi elmlər doktoru Yohan Bekman hesab edir ki, Qərb, həqiqətən, Rusiya ilə böyük müharibəyə hazırlaşır:
– Karib böhranı təhlükəsi artıq mövcuddur. NATO ölkələrinin aparıcı siyasətçiləri və ordu rəhbərləri Rusiyaya qarşı kifayət qədər sərt fikirlər səsləndiriblər, ona görə də təəssüf ki, müharibəyə hazırlıq getdiyini düşünməyə əsas var.
Amma hesab edirəm ki, nüvə qarşıdurmasının olacağı ağlabatan deyil. Ancaq bioloji silahlardan istifadə ehtimalı mövcuddur.
– Gəlin Finlandiya haqqında danışaq. Ölkənin yeni Prezidenti Aleksandr Stubb deyir ki, ölkəyə nüvə hücumunun qarşısının alınması üçün vasitələrə ehtiyac var. Niyə?
– Yeni dövlət başçısı Aleksandr Stubb ABŞ-nin təsiri altındadır, bu heç kimə sirr deyil. Daha sonra Finlandiya NATO-ya üzv oldu. Bundan əlavə, Helsinki və Vaşinqton arasında müdafiə sahəsi üzrə ayrıca saziş var ki, bu da 15 ABŞ hərbi bazasının Finlandiya ərazisində yerləşdirilməsini nəzərdə tutur. ABŞ hərbçiləri Finlandiya Respublikasına öz evləri kimi, yaxud başqa bənzətmə ilə desək, öz iş yerləri kimi gələ bilərlər.
Qeyd etmək lazımdır ki, Finlandiya qanunvericiliyi ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edir. Yeri gəlmişkən, Finlandiyanın ehtiyatda olan hərbçilərinin Rusiyaya qarşı döyüşə biləcəkləri başqa ölkələrə müharibəyə göndərilməsi ilə bağlı da qadağa var. Lakin bu qanunlar yenidən nəzərdə keçirilə bilər.
Hazırda Finlandiyada dronların istifadəsi üzrə ekspert mərkəzinin yaradılması təklifi irəli sürülüb və haqqında bəhs etdiyim bioloji silahlar da dronların istifadəsini nəzərdə tutur. Xatırladım ki, Rusiya ilə Finlandiya arasındakı quru sərhədi bir müddətdir ki, hətta turistlər üçün bağlıdır. Çətin ki, bu, təsadüf olsun.
– Bəs Fransa rəhbərliyinin, ilk növbədə Fransa Prezidenti Emmanuel Makronun NATO ölkələrindən hərbi kontingentin Ukraynaya göndərilə biləcəyi ilə bağlı bəyanatları barədə nə düşünürsünüz? Bəli, Şimali Atlantika Alyansı özü bu ehtimalı təkzib etdi, həmçinin digər NATO dövlətləri də buna qarşı çıxdılar. Bəs bu mövzunun aktiv şəkildə müzakirəsinə başlanması faktının özü eskalasiya ehtimalını artırırmı?
– Bütün bunlar avropalı siyasətçilərin Ukraynanın nəyin bahasına olursa-olsun, qalib gəlməsi ilə bağlı bəyanatları çərçivəsinə daxildir. İndi isə heç bir şey plana uyğun getmir. Ukrayna böhran içindədir, Rusiya cəbhədə təşəbbüsü ələ keçirib ki, bu da Qərbdə tam şəkildə qəbul edilir və hətta Ukrayna dövlətinin süqut edə biləcəyi deyilir. Üstəlik, Qərbin pulları və silahları tükənmək üzrədir. Tədarüklər hələ də davam edir, lakin həcmi əvvəlki kimi deyil. Hələ canlı qüvvə qalıb – Qərbin hərbi qulluqçuları, ehtiyatda olanlar.
Yeri gəlmişkən, Finlandiyanın Avropada ən çox ehtiyatda olan hərbi qulluqçulara sahib olduğunu bilirdinizmi? Onların sayı təxminən 900 min nəfərdir. Və artıq dediyim kimi, Finlandiya öz qanunvericiliyini dəyişdirmək niyyətindədir ki, bu ehtiyatda olanları lazımi yerlərə göndərə bilsin.
Əslində, NATO ölkələrinin hərbi kontingentləri artıq Ukrayna ərazisində mövcuddur, lakin sayları o qədər də çox deyil. Rumıniyada NATO-nun hərbi dislokasiya mərkəzi var. Finlandiya bu il özünün ehtiyatda olan hərbçilərini, qırıcı təyyarələrini və hərbi gəmilərini Rumıniyaya göndərməyi planlaşdırır.
Aydındır ki, Qərb Odessanın süqutundan çox qorxur, ona görə də çox güman ki, NATO əsgərləri birinci oraya daxil olacaqlar. Böyük Britaniya Ukraynanın Şimali Atlantika Alyansına tez bir şəkildə qəbul edilməsi üçün fəal lobbiçilik edir. Əgər bu baş verərsə, o zaman NATO qoşunlarının Ukraynada mövcudluğu təəccüblü hal olmayacaq. Rusiya ilə böyük müharibəyə hazırlıq tam sürətlə davam edir.
Nair Əliyev