Azərbaycanın “ayaq səsləri”: Əliyev nəyə işarə edir? – TƏHLİL
Azərbaycanın “ayaq səsləri”: Əliyev nəyə işarə edir? – TƏHLİL
Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı ordu quruculuğu ilə bağlı səsləndirdiyi fikirlər aşağıdakı istiqamətlərdə idi:
– Silahlı Qüvvələrin daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir,
– Azərbaycanda elit qüvvələrin, o cümlədən komandoların sayının artırılması prioritetdir,
– Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılmasının daha genişmiqyaslı ikinci mərhələsi icra olunur,
– Hərbi sənaye kompleksinə yatırılacaq sərmayələrlə Azərbaycanın xaricdən silah idxalı böyük dərəcədə azalacaq,
– Sərhəd təhlükəsizliyinin gücləndirilməsi vacibdir.
Azərbaycanın strateji müdafiə ehtiyaclarının qarşılanmasında ordu və sərhədlərin toxunulmazlığı xüsusi rola malik olduğundan Əliyev “silahlı islahatlar”ın vacibliyinə diqqət ayırır.
İlham Əliyev bununla regional və qlobal miqyasdakı təhdidlərin, artan eskalasiya risklərinin Azərbaycana mümkün təsirlərinə qarşı tammiqyaslı cavab tədbirlərini qeyd edir.
Əliyevin bəyan etdikləri Azərbaycanın müdafiə potensialı və Ermənistanın mümkün təxribatlarına qarşı həmlə gücünün möhkəmlik qazanması qətiyyətinin iradəsidir.
Azərbaycanın hərbi imkanlarının və elit qüvvələr strukturunun möhkəm təməllər üzərində qalması üçün ən müasir silahların istehsalına diqqət artırılacağı gözlənilir.
Yəqin, buna görədir ki, İlham Əliyev “yeni dövrün ordu reallıqları”nın kontekstindən danışarkən yerli silah istehsalının artacağına və silah idxalının əhəmiyyətli dərəcədə azalacağına xüsusi diqqət yetirib və prosesi “genişmiqyaslı mərhələ” kimi qiymətləndirib.
Azərbaycan, onsuz da, regional qüvvələr lövhəsində həm strateji, həm də hərbi qüdrət baxımından liderdir və bu, onun yeni geosiyasi reallıq yarada bilmək qabiliyyəti ilə daha da güclənir.
Ölkəmizi liderlik taxtından salmaq cəhdləri isə ara verməyəcək, buna görə də Bakı mövcud yerini qorumaq və onu daha da irəlilətmək üçün ordu gücünü qaldırır.
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində yaranan əngəllər də Bakının müdafiə amilinə niyə üstünlük verməsini izah edir.
Strateji əhəmiyyət kəsb edən ərazilərin qorunması üçün Azərbaycan Ermənistana “bufer zona” tələbini irəli sürür. Bunun effektiv olması üçün Azərbaycanın silahlı qüvvələr mövqeyindəki liderliyini daha yüksək indekslərə çıxarmaq istəyi başadüşüləndir.
Azərbaycan bu istiqamətləri regionu gərginlikdən uzaq tutmaq və bölgəni sabitləşdirəcək proseslərdə öndə durmaq üçün yol xəritəsi kimi təqdim edir.
Ordu quruculuğu və hərbi sənaye kompleksinin ideal vəziyyətə gətirilməsi üçün qoyulan tapşırıqlar nəticə olaraq:
– Ermənistana sponsorluq edən dövlətlərin Azərbaycanla diplomatik-siyasi anlaşma əldə etmək şanslarını artırır,
– Regionda sülh və təhlükəsizliyin qorunması üçün əlavə çəkindirmə aktı yaradır,
– Azərbaycanın regional strategiyasına qarşı “qisasçılıq” mövqelərinin aradan qaldırılması fikrinə əsaslanır.
Aqşin Kərimov