İngiltərə Premyer Liqasında ilk altılıq son turda bəlli olacaq – TƏHLİL
İngiltərə Premyer Liqasında ilk altılıq son turda bəlli olacaq – TƏHLİL
İngiltərə Premyer Liqasında mövsümün başa çatmasına bir tur qalsa da, çempion olacaq komanda hələ də bəlli deyil.
Oxu.Az xəbər verir ki, hazırda turnir cədvəlinə 88 xalla liderlik edən “Mançester Siti” klubu çempionluğa əsas namizəd sayılsa da, ən yaxın izləyicisi “Arsenal” son turun nəticəsindən asılı olaraq, qələbəyə sevinən tərəfə çevrilə bilər – hazırda “topçular” “şəhərlilər”dən yalnız 2 xal geri qalırlar.
Dünən “Tottenhem”lə görüşdə inamlı qələbə qazanan Mançester şəhərinin təmsilçiləri son turda ötən il Konfrans Liqasının qalibi olmuş “Vest Hem”lə üz-üzə gələcəklər. “Arsenal”ın rəqibi isə son turda “Everton” klubu olacaq. Hər iki komandanın rəqiblərini müqayisə etsək, “topçular”ın çempionluq ehtimalının daha yüksək olduğunu düşünə bilərik. Sonuncu dəfə 2003/2004 mövsümündə çempionluq yaşayan “Arsenal” klubu 20 illik həsrətə son qoymaq niyyətindədir. Amma son illər iştirak etdiyi bütün çempionatlarda kuboka əsas namizədlərdən sayılan “Mançester Siti”nin iki xal irəlidə olması londonluların işini çətinə salır.
“Liverpul” və “Aston Villa” klubları UEFA Çempionlar Liqasında iştiraklarını təmin etdikləri üçün son görüş onlara elə də böyük əhəmiyyət kəsb etmir. Digər tərəfdən, avrokuboklara vəsiqə verən altıncı yer uğrunda mübarizə aparmaq istəyən “Nyukasl Yunayted” və “Çelsi”nin taleyi də son görüşdə bəlli olacaq. “Nyukasl Yunayted” “Brentford”la, “Çelsi” isə “Bornmut”la üz-üzə gələcək. Hər iki komandanın Avrokuboklarda mübarizə aparmaq üçün yeganə şansı qalib gəlməkdir.
Qeyd edək ki, “Mançester Siti” klubu son altı mövsümün beşində İngiltərə Premyer Liqasının qalibi olub. “Aston Villa” isə 41 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında çıxış etmək şansı əldə edib.
Anar Həsənov