Dürüstlüyü sevən, zədə riski olmayan, ekzotik idman növü: “Yaş məhdudiyyəti yoxdur” – MÜSAHİBƏ + FOTO
Dürüstlüyü sevən, zədə riski olmayan, ekzotik idman növü: “Yaş məhdudiyyəti yoxdur” – MÜSAHİBƏ + FOTO
Körlinq iki rəqib komandanın qranit daşlardan və süpürgələrdən istifadə edərək ən çox xalı əldə etməyə çalışdığı idman növüdür. Hər komanda dörd nəfərdən ibarət olur. Bir nəfər atıcı, iki nəfər isə süpürgəçi qismində çıxış edir. Məqsəd isə qranit daşın ən yüksək xala sahib olan dairənin içərisində dayanmasını təmin etməkdir.
Azərbaycanda körlinq üzrə milli komandanın baş məşqçisi Ahmet Tunqa Oxu.Az-a müsahibə verib.
O bildirib ki, Azərbaycanda yeni təşəkkül tapan bu idman növü hər kəsin məşğul ola biləcəyi qədər sadədir.
Həmin müsahibəni təqdim edirik:
– Ahmet bəy, müsahibəni qəbul etdiyiniz üçün təşəkkür edirik. Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
– 2000-ci ilin yanvar ayının 1-də Türkiyənin Ərzurum şəhərində anadan olmuşam. Orta məktəbi də yaşadığım şəhərdə bitirmişəm. Hər zaman idmanla məşğul olduğum üçün ixtisasımı da bu sahədə seçdim və Ərzurum Atatürk Universitetinin Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil aldım. Hazırda da həmin universitetdə magistratura təhsilimi davam etdirirəm.
– Körlinq idman növünün tarixçəsi haqqında məlumat verə bilərsinizmi?
– Körlinq orta əsrlərdə Şotlandiyada oynanmağa başlanan idman növüdür. İlk başlarda Şotlandiyada başlasa da, daha sonralar Kanada bu idman növünə sahiblik etməyə başlayıb. Körlinq ilk dəfə 1924-cü ildə Qış Olimpiya Oyunlarına əlavə edilib və 1998-ci il Qış Olimpiya Oyunlarından sonra Olimpiadaların rəsmi idman növlərindən biri kimi qəbul edilib.
– Körlinq idman növünə necə başladınız ?
– Bu idman növünə başlamağımın səbəbkarı bacımdır. Ona hər zaman bunun üçün təşəkkür etmişəm. 12 yaşımda başlamışam bu idman növünə. İlk zamanlarda elə də ciddi yanaşmırdım. Sadəcə əyləncə üçün gedirdim. Məşqçilər mənim istedadlı olduğumu gördükləri üçün milli komandaya dəvət etdilər və artıq ciddiyə almağa başladım.
– Azərbaycandan milli komandaya baş məşqçilik təklifi gələndə nə düşündünüz?
– Bu mövzuda mənə Türkiyə Körlinq Federasiyası köməklik etdi. Əslində iki qardaş ölkə olduğumuz üçün bu təklif gələndə çox sevindim. Çünki mənim üçün Azərbaycan və Türkiyə eynidir. Azərbaycan millisinin baş məşqçisi olmaq mənim üçün çox qürur verici oldu.
– Ölkəmizdə yeni təşəkkül tapan idman növündə baş məşqçi olmaq sizə çətin deyil?
– Sıfırdan başlayan layihələrin inkişaf müddəti çox vaxt tələb edir. Türkiyədə körlinq idman növünün inkişaf etməsi və Avropa sıralamasına daxil olması 14 il çəkdi. Əlbəttə, bu qədər uzun vaxt keçməsinin səbəbi səhvlər edərək inkişaf etməyimiz oldu. Hazırda Azərbaycan millisini daha tez inkişaf etdirə bilərik. Çünki Türkiyədə olunan səhvlərin hər birini bilirəm və burada onları etmədən daha qısa müddətdə uğur əldə edə biləcəyimizə inanıram. Önəmli olan məsələ istək və əzmkarlıq göstərməkdir.
– Milli komandanı yaratmaq üçün əsasən hansı yaş kateqoriyalarına üstünlük verəcəksiniz?
– Əslində körlinq idman növündə yaş məhdudiyyəti yoxdur. Amma 16 yaşlılarla başlamaq daha uyğun olur. Bu idman növünün elə də çətinlikləri yoxdur. Önəmli olan qalib gəlmək arzusudur. Məqsədim 16 və yuxarı yaş kateqoriyalı idmançıları cəlb edib, bu idman növünü Azərbaycanda inkişaf etdirməkdir.
– Yeni yaranmış idman növünə idmançıları cəlb etmək çətin olur. Siz bu barədə nə etməyi düşünürsünüz?
– İlk təklif gələndə bu barədə düşünmüşdüm. Çünki bu idman növü Türkiyədə ilk dəfə yarananda da eyni problemlə üzləşmişdik. İnsanların bu idman növündən xəbərləri olmadığı üçün çox az sayda gələn olurdu. Burada da əvvəllər həmin problemlə üzləşəcəyimizi düşünürdüm, amma buz meydançasına gələn insanları gördüm və bu düşüncəm az da olsa dəyişdi. Yeni idmançıları cəlb etmək üçün media çox böyük rol oynayacaq. Əsasən də bu idman növünə həvəsi olan insanların xəbərdar olması çox vacib məsələdir. Gələn idmançı sayı çoxalmağa başladığı anda inkişaf edə biləcəyik.
– Bu idman növünü digərlərindən fərqləndirən nədir?
– Körlinq çox sadə idman növüdür. Kənardan baxıldığı zaman çətin görünsə də, elə deyil. Digər idman növlərində oyunlara nəzarət edən hakimlər olur, körlinqdə isə belə bir şey yoxdur. Qərarları idmançılar özləri verirlər. Yalnız çox qəliz bir hadisə baş verdiyi təqdirdə hakimlərin köməyinə ehtiyac duyulur. Amma bu hadisə çox nadir hallarda baş verir. Körlinqi digər idman növlərindən fərqləndirən əsas məsələlərdən biri də zədə riskinin olmamasıdır. Ümumi olaraq indiyədək keçirilən yarışların heç birində ciddi xəsarət alan idmançılar olmayıb.
– Hakimlərin müdaxiləsi olmadan idmançıların qərar qəbul etməsi problemlərin yaranmasına səbəb olmur?
– Körlinq idman növünün yaradılmasındakı əsas amillərdən biri də məhz budur. Rəqiblər bir-birilərinə qarşı hər zaman dürüst olmağa çalışırlar. Çünki “Körlinq Ruhu” deyə bir şey var. Hər hansısa bir komanda buna riayət etmədiyi təqdirdə çempionatlardan uzaqlaşdırılır. Düzdür indiyədək belə bir hadisə olmayıb. Çünki komandalar qaydalara riayət etməyə çox səy göstərirlər.
– İnsanlar bu idman növünü nə üçün seçməlidirlər?
– Ailələr övladlarının dürüst və sağlam olmasını istəyirlərsə, ən məsləhətli idman növüdür. Körlinqdə qərarları idmançılar özləri verirlər. Yanlış etdikləri zaman və ya qayda pozuntusuna yol verdiklərində dərhal rəqib komandaya bunu bildirirlər. Körlinqdə ən vacib məsələ dürüst olmaqdır. Digər idman növlərində rəqib komandaların geyinib-soyunma otağı fərqli olduğu halda bizim otaqlarımız birdir. Buna görə də əyləncəli zaman keçirmək istəyənlər, dürüst və sağlam bədənə sahib olmaq üçün bu idman növünü seçməlidirlər.
– Körlinq idman növünün qaydaları nələrdir ?
– Bu idman növündə qaydalar elə də çətin deyil. Önəmli olan körlinq daşını dairələrin içində saxlaya bilmək və rəqibin daşlarını kənarlaşdırmaqdır. Daşı mərkəzə göndərərkən 2 önəmli qayda var – atıcının xətti keçməməsi və süpürgəçilərin daşa toxunmaması. Bu 2 qaydadan biri pozulduğu təqdirdə qazanılan xal rəqib komandaya verilir.
– Bakı buz meydançası körlinq idman növü üçün uyğundur?
– Bu barədə danışmağımız çox yaxşı oldu. Azərbaycana ilk dəfə gələndə bu qədər böyük və Avropa standartlarına uyğun buz meydançası olacağını düşünmürdüm. Burada hətta hokkey də oynanılır və bu çox sevindirici hal oldu. Körlinq meydançasının digərlərindən fərqi sadəcə buzun qalınlığıdır. Bu idman növündə buzun qalınlığı 5 sm olur. Misal üçün xokkey görüşü başa çatdıqdan sonra dərhal buz əridilməli və Körlinq üçün hazır vəziyyətə gətirilməlidir. Ya da tam əksinə körlinq başa çatdıqdan sonra dərhal buzun qalınlığı artırılmalıdır. Bunu etmək çətin kimi görünə bilər, amma elə deyil.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov