Laçında “Aşıq mahnıları yeni səslənmədə” – YENİLƏNİB + FOTO/VİDEO
Laçında “Aşıq mahnıları yeni səslənmədə” – YENİLƏNİB + FOTO/VİDEO
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub.
Oxu.Az xəbər verir ki, “Aşıq mahnıları yeni səslənmədə” adlı konsert proqramı Həkəri çayı ətrafında açıq səma altında təşkil olunub.
Konsertdə Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar.
Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan” mahnısının sədaları altında başa çatıb.
Xatırladaq ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 11-də Şuşada başlamışdı.
19:08
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında “Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.
Oxu.Az xəbər verir ki, festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib.
Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan “Sələflər və xələflər” layihəsi təqdim edilib.
Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması üzərində qurulub.