Kişi övladını görmək istəyən keçmiş arvadının burnunu sındırdı
Kişi övladını görmək istəyən keçmiş arvadının burnunu sındırdı
Bakıda uşağını görmək istəyən qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.
Bu barədə Oxu.Az-a şikayətçi Aymaisə Quliyeva bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə Cəlal Quliyev ilə ailə həyatı qurub:
“İlk vaxtlar Cəlal ilə sakit həyat tərzi yaşasaq da, bir müddət keçdikdən sonra xasiyyətlərimiz uyğun gəlmədi və tədricən aramızdakı münasibətlər pozulmağa başladı. 2023-cü ilin oktyabr ayında nikahımız pozuldu. Keçirilən məhkəmə prosesində birgə nikahdan doğulmuş uşağımızın maddi sıxıntılar səbəbindən atasının yanında qalmasına qərar verildi.
22 noyabr 2023-cü ildə Nizami Rayon Məhkəməsi “Nikahın pozulması və uşağın atanın yanında qalması”na dair Qətnamə çıxartdıqdan bir neçə gün sonra oğlum Camalla görüşdüm. Daha sonra isə keçmiş həyat yoldaşım C.Quliyevin qeyri-rəsmi yaşadığı qadın (adını bilmədiyim) mənə zəng etdi. Mənə: “Gəl, təcili yetimini apar”, – dedi.
Daha sonra keçmiş baldızım və oğlu ilə birlikdə Cəlalgilin yaşadıqları ünvana getməyə məcbur olduq. Biz oraya çatanda Cəlal əsəbi halda evdən çıxdı, bacısı ilə oğluna əli və ayağıyla müəyyən zərbələr endirdi. Mənim də başıma və bədənimin müxtəlif hissələrinə ağır xəsarətlər yetirdi, burnum sındı. Həmin vaxt Cəlalın yanında olan və onunla qeyri-rəsmi yaşayan qadın isə saçımı yoldu.
Qadın deyir ki, məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidmətinə zəng edib və məlumat verib:
“Aldığım bədən xəsarətləri ilə bağlı həkim müayinəsindən keçdim və baş verənlərlə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə şikayət ərizəsi də təqdim etdim. Yanvarın 6-da baş verən hadisə ilə bağlı izahat alındı. Həmin vaxtdan övladımın səsini də eşitməmişəm. Mən, sadəcə, övladımı görmək istəyirəm”.
O iddia edib ki, polis əməkdaşları hadisə zamanı digər zərərçəkənlərin izahatını almayıblar.
Məsələ barədə Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a bildirib ki, məsələ barədə hazırda Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır:
“Araşdırmanın nəticəsində hadisəyə hüquqi qiymət veriləcək”.
İlhamə Əbülfət