Kremldən ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinə münasibət
“Ermənistanla ABŞ arasında mümkün strateji tərəfdaşlıq sazişi Cənubi Qafqazda vəziyyəti yalnız qeyri-stabil edəcək”.
Oxu.Az-ın “İnterfaks”a istinadla xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, jurnalistlərin ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasının mümkün nəticələri barədə sualını şərh edib.
“Birləşmiş Ştatlar Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta əksini demək olar. Məhz bu hərəkətlər kontekstində ABŞ yeni-yeni ölkələri öz arxasınca çəkməyə çalışır”, – deyə Peskov vurğulayıb.
Bununla belə, o, Kremlin Ermənistanla bütün istiqamətlərdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, saziş bu gün axşam Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken tərəfindən imzalanacaq. Erməni politoloq Suren Sarkisyan özünün sosial şəbəkə profilində ABŞ və Ermənistan arasındakı yeni müqavilənin detallarını açıqlayıb.