Astronomik tamaşa başladı: Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptunun səma “şousu”
Planet sakinləri yanvar-fevral aylarında Günəş sisteminin, demək olar ki, bütün planetlərini adi gözlə görə biləcəklər.
Oxu.Az-ın Aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə astronomik hadisələr üzrə rusiyalı mütəxəssis Oleq Uqolnikov xəbər verib.
Onun sözlərinə görə, 2025-ci il hətta şəhər şəraitində də səmada müşahidə edilə bilən astronomik hadisələr baxımından kifayət qədər maraqlı olacaq.
“Hətta şəhər şəraitində də bunları görmək mümkün olacaq. Artıq Günəş sisteminin, demək olar ki, bütün planetlərinin çox yaxşı axşam görünüşü dövrü başlayıb. Qərbdə Veneranı – planetlərin ən parlağını görə bilərik ki, o, yaxşı havada hətta gündüz də görünür. Onun yanında Saturn, cənubda Yupiter, şərqdə isə Mars görünür”, – deyə astronom bildirib.
Alim qeyd edib ki, Uran və Neptunu görmək üçün teleskopdan istifadə etmək lazımdır.
Uqolnikov əlavə edib ki, Merkuri fevralın sonu və martın əvvəllərində axşam səmasında görünəcək.
Daha əvvəl məlumat verilmişdi ki, yanvarın 12-dən başlayaraq növbəti bir neçə gün ərzində bu ilin ən parlaq kometlərindən biri olan C/2024 G3-ü (ATLAS) müşahidə etmək mümkün olacaq. Komet üfüqün cənub-şərq hissəsində adi gözlə görünəcək.