Hindistan Ermənistana “Akash” ZRK-nın ilk batareyasını göndərir
Hindistan Ermənistana öz “Akash” zenit-raket komplekslərinin (ZRK) ilk batareyasını göndərir.
Oxu.Az-ın məlumatına görə, bu barədə “New Indian Express” komplekslərin istehsalçısı olan “Bharat Electronics Limited” şirkətinə istinadən xəbər yayıb.
“Bu gün “Bharat Electronics Limited” Hindistanın müdafiə ixracında əhəmiyyətli addım atdı. Belə ki, müdafiə istehsalı üzrə katib Sanciv Kumar dost xarici ölkəyə ixrac üçün “Akash” silah sisteminin ilk batareyasının göndərilməsi barədə göstəriş verib”, – deyə şirkət “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nəşrin xatırlatdığına görə, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (1.207 milyard manat) dəyərində 15 vahid “Akash” raket sisteminin alınması barədə müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.
Qeyd edək ki, Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatı tərəfindən hazırlanan “Akash” sistemi qırıcıları, qanadlı raketləri və “hava-yer” sinifli raketləri, pilotsuz uçuş aparatlarını, həmçinin digər hava vasitələrini 25 km məsafədə vura bilən “yer-hava” sinifli raketdir.
“Bharat Electronics Limited” tərəfindən istehsal edilən “Akash” silah sisteminin hər batareyası bir passiv 3D elektron skan radarlı və hər birində üç raket olan dörd buraxıcı qurğu ilə müşayiət olunur ki, bunların hamısı bir-biri ilə əlaqəlidir.
Daha əvvəl “Bharat Forge” şirkəti (Hindistanın aparıcı artilleriya sistemləri istehsalçısı) son vaxtlar nümayiş etdirdiyi “MArG 155” təkərli özüyeriyən haubitsa sistemlərinin Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib.